İdman

Dünya çempionatı ləğv olundu: Azərbaycan yeni turnirdə iştirak edəcək

Sharing is caring!

Ümumdünya Güləş Birliyi (UWW) 12-20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməli olan dünya çempionatını keçirməyəcək.

Buna qurumun İcraiyyə Komitəsinin növbəti iclası zamanı qərar verilib.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb dünya çempionatı üçün tələb olunan 70 faiz iştirakçı limitinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dünya çempionatında iştirak etməyəcəyini bildirib (həmçinin UWW-nin Konqresi və seçkiləri 2021-ci ilə keçirilib).

Bu üzdən qərara alınıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi Dünya Kuboku keçirilsin. Belə ki, güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq. Ümumi mükafat fondu 300 min İsveçrə frankı təşkil edəcək.

Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq. Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, millimiz hər üç növdə ilk belə turnirdə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan güləşçiləri pandemiya ilə əlaqədar olaraq martdan bəri (7-8 noyabrda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Qran-Pridə yalnız millimizin dağıstanlı üzvləri iştirak edib – S.M.) rəsmi yarışlarda iştirak edə bilməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir