İdman

“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ”la matçdan sonra oyunumuz istədiyimiz kimi alınmır”

Sharing is caring!


“Qarabağ”la matçdan sonra oyunumuz istədiyimiz kimi alınmır”.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov deyib.

Premyer Liqanın əvvəlki 13 turundakı çıxışlarını dəyərləndirən 25 yaşlı müdafiəçi topladıqları 20 xalın təsadüf olmadığını bildirib:

“Son iki qarşılaşmada məğlub olmuşuq. Ümid edirəm ki, qarşıdakı görüşlərdə qələbələr qazanacağıq və öz yerimizə qayıdacağıq. Mövsümün əvvəlindən komandama inanıram”.

Manafov “Neftçi”yə qarşı XIV turun oyununda da meydanı 3 xalla tərk etmək istədiklərini söyləyib:

“Kəpəz”ə uduzduğumuz matçda rəqibin qoluna qədər imkanlarımız oldu, amma yararlana bilmədik. Futbolda belə deyim var: vurmayana vurarlar. Onlar çox qapandıqları üçün qoldan sonra oynamaq daha da çətinləşdi. Heç nə istədiyimiz kimi alınmadı”.

O, komandanın cari mövsümdə avrokuboklara vəsiqə qazana biləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” 20 xalla beşinci pillədə qərarlaşıb. Noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 15:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir