İdman

Mahir Emreli: “Ümid edirəm ki, biz də nə vaxtsa, final mərhələsinə vəsiqə qazanacağıq”

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl “Report”un Brüsselə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

– İlk olaraq bugünkü matçla bağlı fikirlərini almaq istərdik. Sonuncu qarşılaşmada nəyə nail ola bilərik?

– Bura yaxşı nəticə üçün gəlmişik. Ümid edirəm ki, İsveçlə görüşdəki kimi buna nail ola biləcəyik. Meydanda intizamı qoruyub saxlamağa çalışacağıq. Yaxşı oyun nümayiş etdirməli və inamla oynamalıyıq ki, bunların hamısı həyata keçsin. Əlbəttə ki, rəqibin də gücünü bilirik. İtirəcəyimiz bir şey yoxdur. Daha çox onların qazanacağı bir şey var. Qrup lideri olmaq istəyirlər. Biz də bunu dərk edirik.

– İsveçə 3:0 hesabı ilə qalib gəldiyiniz matçdan sonra kollektivdə əhvali-ruhiyyə necədir?

– Yaxşıdır. Özümüzə inamımız artıb. Hiss edirik ki, daha da artığını edə bilərik. Ötən gün bəzi oyunçular bərpa prosesi keçdi, tam olaraq məşq etdik. Artıq matça köklənmişik.

– Hava şəraitinin sizə çətinlik yaradacağını deyə bilərikmi?

– Əlbəttə ki, çətinliklər olacaq. Bu bəhanə deyil. Hava şəraiti iki komanda üçün eynidir. Amma təbii ki, bura Bakı ilə müqayisədə bir qədər soyuqdur. Haradasa çətinlik ola bilər. Amma biz əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışmalıyıq.

– Bakıda üç gün əvvəlki qələbədən sonra daha bir tarixi nəticəyə məhz Belçikada imza atmaq olarmı?

– Məncə, düşüncələrə qapılıb özümüzü çətinliyə salmaq olmaz. Bizə təzyiq verəcək fikirlər olmamalıdır. Daha əvvəl də vurğuladım. İtirəcəyimiz bir şey yoxdur. Yaxşı oyun sərgiləməliyik.

– Belçika ilə görüşü nəzərə almasaq, seçmə mərhələni necə dəyərləndirirsən?

– İlk iki qarşılaşma bərbad alınmışdı. Digər görüşlərdə, bütün rəqiblərə qarşı yaxşı oynamışıq. Belçikaya Bakıda çətinlik yaratmışdıq. Hər oyunda tam gücümüzü verməliyik. Belə olanda təqdirdə hər şey yaxşı olacaq. İlk iki matçda nələrin baş verdiyini bilmirəm, zədəli olduğum üçün milliyə gələ bilməmişdim. Çünki ondan sonrakı bütün matçlarda yaxşı mübarizə aparmışıq və rəqiblərə çətinlik yaratmışıq. Əlbəttə sonda nəticə yadda qalır. Amma oyun barədə danışsaq, yaxşı çıxış etdiyimizi düşünürəm.

– AVRO-2024-də pley-off oynamaq şansımız da var. Hər şey Qazaxıstanın bir qələbəsindən asılıdır. Bu barədə düşünmüsünüzmü?

– Xeyr. Bu, qismətdən asılıdır. Olmasa, demək ki, bu dəfə qismət deyilmiş. Hər şeyi özümüz etmək üçün daha çox çalışmalıyıq. Olsa, lap yaxşı. Ümid edirəm ki, sizin dediyiniz kimi olar. Amma bu haqda heç nə düşünmürəm. Bütün diqqətimizi öz oyunumuza verməyə çalışırıq. Amma milli səviyyəsində bu cür turnirə qatılmaq hər futbolçunun arzusudur. Ümid edirəm ki, biz də nə vaxtsa, buna nail ola bilərik. Bu mənim şəxsi düşüncəmdir, son illərin ən yaxşı komandasına sahibik. Futbolçulara, keyfiyyətlərə və legioner həyatı yaşayanlara baxsaq, bunu deyə bilərik. Məncə, bu heyətlə bir şeylər etmək olar. Amma təbii ki, çox uzun müddət birlikdə oynamamışıq. Komanda gəncləşib. Biz daha çox çalışmalı, işləməli və mübarizə aparmalıyıq. Səhvlərimizdən də dərs çıxarmalıyıq. Zaman keçdikcə daha yaxşı nəticələr qazana bilərik. İndiki düşüncəmiz Belçikaya qarşı matçla bağlıdır. Qazaxıstanın necə oynaması hazırda mənə maraqlı deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir