Cəmiyyət

Ətin bahalaşması qaçılmaz reallıq kimi – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


Otlaq sahələrinin azalması kəndliyə mal-qaranı saxlamağı çətinləşdirir. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Örüş və otlaqların azalması isə əkin sahələrinin genişlənməsi ilə bağlıdır.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 2023-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların sayı iki milyon 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə yeddi milyon 223.2 min baş təşkil edib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalıb. Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. Azalma fonunda ətin qiyməti də bahalaşır. Prosesin qarşısını almaq üçün nələr edilməlidir?

Tələb təklifi üstələyirsə…

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov “Kaspi” qəzetinə açıqlamasında dedi ki, qiymətlərin bahalaşması heyvan sayı ilə bağlıdır: “Ətin qiymətinin tənzimlənməsinə dövlət müdaxilə etmir. Çünki bazarda qiymətlər bazar iqtisadiyyatına uyğun idarə olunur. Təklif və tələbdən asılı olaraq formalaşır. Tələb təklifi üstələyirsə, qiymətlərdə artım baş verir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Ətin qiymətinə təsir edən əsas amillərdən biri ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalmasıdır. Sayın azalması təklifin azalmasına gətirib çıxarır. Bu da bahalaşmaya yol açır. Mal-qaranın sayının azalmasının isə otlaq sahələrinin azalması ilə bağlı olduğunu düşünürəm”.

Bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur

A.Badamov heyvan sayının azalması ilə bağlı bildirdi ki, kəndlinin otlaq sahəsi olmadığı üçün bu proses baş verir: “İntensiv təsərrüfatlarda bəslənilən ətlik mallar qapalı şəraitdə yetişdirilir. Mal-qaranın çəki yığması üçün istifadə edilən yemin tərkibinə daxil olan komponentlər əsasən xaricdən idxal olunur. Xaricdən idxal olunan yem komponentlərinin qiymətlərində artımın baş verməsi də ətin maya dəyərinə təsir göstərir. Otlaq sahələrinin azalması kəndliyə mal-qaranı saxlamağı çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Örüş və otlaq sahələrin azalması isə əkin sahələrinin genişlənməsi ilə bağlıdır. Son illər təyinatından asılı olmayaraq əkin aparmağa uyğun bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Bu da heyvanların yem bazasının azalmasına və bahalaşmaya səbəb olur”. 

Heyvandarlığın inkişaf etdirilməsi sürətlənməlidir

Millət vəkilinin sözlərinə görə, bahalaşmaya son qoymaq üçün müəyyən tədbirlər görülməlidir: “Ətin qiymətinin bahalaşması hər bir vətəndaşın bu məhsula əlçatanlığını məhdudlaşdırır. Ona görə də, ətin qiymətinin tənzimlənməsi və bazarda bolluğun yaradılması üçün tədbirlər görülməlidir. Bu tədbirlərin tərkib hissəsi kimi ilk növbədə işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi sürətləndirilməlidir. Bu ərazilər əvvəllər də ölkəmizin ət tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. İndi sahibkarlara yenidən həmin ərazilərdə heyvandarlıq komplekslərinin tikilməsi üçün şərait yaradılmalıdır. Amma bu, uzunmüddətli prosesdir”. 

Ət idxalı asanlaşdırılmalıdır

Deputatın fikrincə, tədbirlər görülməsə, yaxın gələcəkdə ətin qiymətində daha çox bahalaşma olacaq: “Qısamüddətli tədbirlər üçün isə ətin idxal prosesi sadələşməlidir. Belə ki, ətin idxal olunması üçün müəyyən müddətə gömrük rüsumları azaldılmalı, ya da ümumiyyətlə ləğv olunmalıdır. Bazara xaricdən ucuz qiymətə ət idxal olarsa, qiymətlər özü-özünə tənzimlənər”.

Ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır

Aqrar sahə üzrə ekspert Rəcəb Orucov dedi ki, istehlak bazarında ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır: “Etiraf etmək lazımdır ki, bu gün bir çox iri intensiv heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. Səbəb aldıqları yemin dəyərinin bahalaşmasıdır. Biznesdə tələblə təklif arasında formalaşan konyunktura bazarın tələblərini müəyyənləşdirir. Səbəbləri həmişə yemlə əlaqələndirirlər, yemin də qiymətinin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Bu da heyvandarlıq məhsullarına, xüsusən də ətə təsir edir”.
Ekspertin sözlərinə görə, heyvandarlıqdan normal gəlir götürmək mümkün olsa, bu halda hər şey qaydasına düşər: “Rayon yerlərində ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılsa, bu məsələ özünü çox da qabarıq göstərməz”.

Bugünkü şəraitin uzun müddət davam etməsi…

R.Orucov ət qıtlığı olacağını düşünmür: “Ancaq baş sayının azalması, əhalinin də dinamik artımı gələcəkdə istehlak bazarında heyvandarlıq məhsullarına olan tələbatı da artırır. Bugünkü şəraitin uzun müddət davam etməsi yaxın illərdə heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşması ilə özünü göstərəcək. Ət qıtlığı gözlənilmir. Ancaq həyəcan təbili çalmağın artıq vaxtıdır. Çünki heyvandarlığın inkişafı həm kənd yerlərimizdə əhalinin işlə təmin olunması, həm sosial durumun yaxşılaşdırılması istiqamətində atılan bir addımdır”.

Aradakı fərqi necə kompensasiya etməli?

Müsahibimiz bildirdi ki, bütün sahələrdə istehsalçıların bazara çıxışını asanlaşdırmaq lazımdır: “Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstəririk. Bu şəraitdə qiymət artımına “dur” demək mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Burada əsas məsələ istehsalçıların birbaşa satış bazarında, dəyər zəncirində öz yerini tutmasıdır. Rayonlarda istehsal olunan ət məhsulları birbaşa iqtisadi rayonlarda birləşmiş bazarlarda öz əksini tapır. Burada əsas məsələ məhsulu istehlak bazarına çıxaran şəxslərin həmin istehsalçı ilə satış bazarındakı çox ciddi qiymət fərqləridir. İstehsalçıların istehlak bazarına çıxışlarını bir az asanlaşdırmaq yolu ilə aradakı fərqi kompensasiya etmək olar”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir