İdman

“Sumqayıt”ın futbolçusu: “Qarşıdakı oyunda qələbə həsrətinə son qoyacağıq”

Sharing is caring!


“Bütün qarşılaşmalarda meydana qalib gəlmək üçün çıxırıq. Əfsuslar olsun ki, beş oyundur qələbəyə həsrətik. İnanıram ki, “Kəpəz”lə qarşıdakı matçda bu həsrətə son qoyacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Rövlan Muradov komandasının cari mövsümdəki nəticələrini şərh edərkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, builki çempionat digərlərindən daha fərqlidir:

“Çünki hər bir komanda əvvəlki mövsümlərlə müqayisədə daha iddialıdır və hər oyunda maksimum xallar qazanmağa səy göstərir. Biz də bunun üçün çalışırıq”.

O, meydanda yaxşı nəticə üçün əlindən gələni etdiyini vurğulayıb:

“Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirib komandama xeyir vermək üçün cəhd edirəm. Çıxışımdan yüz faiz razı olduğumu deyə bilmərəm. Üzərimdə daha çox işləyib səhvlərimi minimuma endirmək və oyunumu yaxşılaşdırmaq üçün məşqlərdə ciddi hazırlaşıram. Hamıya məlum olduğu kimi, keçən mövsüm “Sumqayıt” Premyer Liqada çətinliklə qaldı. Ümid edirəm ki, bu il belə hal baş verməz. Sadəcə, bir qələbə qazanmaq lazımdır ki, inam hissi komandaya yenidən qayıtsın”.

Premyer Liqanın VIII turunda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyundan da danışan R.Muradov bildirib ki, həmin qarşılaşma ilə bağlı deyiləcək çox söz yoxdur:

“Məğlub olduq, ancaq bu oyunu unudub “Kəpəz”lə qarşıdakı görüşə hazırlaşacağıq. Məqsədimiz azarkeşlərimizi daha yaxşı oyun və qələbə ilə sevindirməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir