İdman

Yunan-Roma güləşçilərimizin Belqradda rekordlarla zəngin fantastik çıxışı – FOTO

Sharing is caring!


Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirilib. Bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırdığı üçün çox böyük önəm kəsb edib. Eyni zamanda dünya çempionatı mükafatçısı olmağın prestijini danmaq olmaz. Bu səbəblərdən “Ştark Arena”da mübarizə və rəqabətin pik səviyyədə olacağı bəlli idi.

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Belqradda tarixi nəticəyə imza atdı. Yığma ilk dəfə komanda hesabında dünya çempionu olmağı bacarıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Belqradda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıblar. Həmçinin 67 və 77 kq-da Olimpiadaya lisenziyalar əldə edilib.

Uğurun açarı: Yüksək hazırlıq

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatında tarixi nəticəsinin səbəbini idmançılarımızın mundiala yaxşı hazırlığında axtarmaq lazımdır. Ümumiyyətlə, ilin əvvəlindən hazırlıq planı elə qurulmuşdu ki, komandanın məhz dünya çempionatı ərəfəsində pik səviyyəyə çatması hədəflənirdi. Fevralda Xorvatiyada, iyulda isə Macarıstanda təlim-məşq toplanışları keçirilib. Bunlar da idmançılarımız üçün faydalı olub. Xüsusi olaraq qeyd olunmalıdır ki, hər iki hazırlıq prosesində bir çox ölkələrin komandaları iştirak edib və sparrinq rəqiblər kifayət qədər olub. Bu da yekunda təlim-məşq toplanışlarının məhsuldar alınması ilə nəticələnib. Eyni zamanda, güləşçilərimiz Bakı və Göygöldə hazırlıq prosesləri keçiblər. Bunların da uğurda özünəməxsus rolu danılmazdır.

Yığmamız bu ilin aprelində Avropa çempionatında komanda hesabında ikinci yeri tutmaqla formada olduğunu hər kəsə göstərib. Bu səbəbdən dünya çempionatında uğurlu nəticə gözlənilən olub. Bir il əvvəl məhz elə Belqradda bir qızıl, bir gümüş, üç bürünc medalla komanda hesabında ikinci yeri tutan milli bu dəfə eyni məkana daha iddialı yollanıb.

Rekordlarla zəngin fantastik çıxış

Mundialda mübarizəyə sentyabrın 20-də qoşulan yunan-Roma güləşçilərimiz ilk gündən güclərini göstərə biliblər. Komandanın ən təcrübəli üzvləri onlara bəslənən ümidləri doğruldublar. Bir gündə iki dəfə Belqradda himnimiz səslənib. Eldəniz Əzizili (55 kq) üçüncü, Rafiq Hüseynov (82 kq) isə ikinci dəfə dünya çempionu olub. Əzizli bununla müstəqillik tariximizdə üç dəfə dünyanın ən güclüsü adını qazanan ilk yunan-Roma güləşçimiz olub. 77 kq-da isə Sənan Süleymanov gümüş medal və olimpiya lisenziyası qazanmaqla azarkeşləri sevindirib.

Yarışın son günündə daha iki pəhləvanımız medal qazanmağı bacardı. 63 kq-da Murad Məmmədov və 67 kq-da Həsrət Cəfərov dünya ikincisi olub. Cəfərov bu nəticə ilə həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Dünya çempionatında güclü rəqiblərinə əzələ nümayiş etdirməyi bacaran gənc idmançımız Olimpiadada da qızıl medala əsas iddiaçılardan olacağının anonsunu vermiş olub.

Yekunda millimiz iki qızıl və üç gümüş medalla 120 xal toplayıb və ən yaxın izləyicisi İranı 18 xal qabaqlayaraq tarixində ilk dəfə dünya çempionu olub. Yığmamız həm xallara, həm də medalların əyarına görə Azərbaycan güləş milliləri üçün yeni rekord müəyyənləşdirib. Eyni zamanda millimiz ilk dəfə beş final görüşündə iştirak edib. Komandanın fantastik çıxışı Belqradda maraq və heyrət doğurmaya bilməzdi.

Təcrübə və enerjinin sintezi

Yunan-Roma güləşi üzrə milli komandanın özəyi son dörd ildə formalaşıb. Təcrübəli baş məşqçi Aleksandr Tarakanovun yanında yaxın keçmişdə beynəlxalq arenalarda yüksək nəticələrlə azarkeşlərin qüruruna çevrilmiş gənc məşqçilər yer alıblar. Yığma komandada təcrübə və gənclik enerjisi əla vəhdət yaradıb. Nihat Məmmədli, Həsrət Cəfərov, Ülvü Qənizadə kimi gənclər Eldəniz Əzizli, Rafiq Hüseynov, Taleh Məmmədov kimi idmançılarımızın təcrübəsindən məharətlə yararlanır, onlardan aldıqları dəyərli məsləhətlərlə daha da püxtələşirlər. Möhtəşəm sintezin xalçada təzahürü fonunda son iki ildə Avropa və dünya çempionatında ilk iki yerdən birində Azərbaycanın adı var. Bir sözlə, artıq əminliklə demək olar ki, yunan-Roma güləşi üzrə millimiz dünyanın güclü komandalarından biridir.

Olimpiadaya gedən yol

Dünya çempionatında yunan-Roma güləşçilərimiz Paris-2024-ə iki lisenziya qazanıblar. Bu sayı artırmaq üçün əlverişli şans yaranıb. Yığma qarşıdakı lisenziya yarışlarında daha dörd lisenziya əldə etməklə maksimum sayda Olimpiya Oyunlarına yollanmaq imkanına malikdir.

Gələn ilin aprelində Bakıda Avropa Olimpiya Təsnifat turniri keçiriləcək. “Doğma divarlar” arasında güclü azarkeş dəstəyi ilə məqsədə çatmaq mümkündür. Hər kateqoriyada finala yüksələn güləşçilər Olimpiadaya lisenziya qazanacaqlar.

2024-cü ilin mayında isə sonuncu lisenziya yarışı keçiriləcək. Dünya Olimpiya Təsnifat turniri qardaş ölkə Türkiyədə keçiriləcək. Doğma məkan İstanbulda təşkil ediləcək turnirdə hər çəkidə ilk üç yeri tutan güləşçilər Olimpiada qatarının son sərnişinləri olacaqlar. Qardaş ölkədə də idmançılarımızın yerli publikanın dəstəyini yetərincə hiss edəcəklərinə şübhə yoxdur.

Bakıdan Parisə gedən yola işıq düşür. İndi o işığı tutub, sonadək getmək lazımdır.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir