İdman

Höccət Haqverdi niyə hər dəfə milliyə çağırılır? – De Byazi ilə futbolçunu bağlayan şok fakt üzə çıxdı – FOTO

Sharing is caring!


Azərbaycan millisinin Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı və İordaniya ilə yoldaşlıq oyunu üçün açıqlanan heyətinə Höccət Haqverdinin adının salınması narazılıqlara səbəb olub.

Oxu.Az xatırladır ki, milliləşdirilmiş iranlı futbolçu bu mövsüm “Neftçi”nin heyətində cəmi 12 dəqiqə şans qazanıb.

30 yaşlı müdafiəçinin baş məşqçi Canni De Byazi tərəfindən oynamaya-oynamaya yığmaya dəvət alması birmənalı qarşılanmayıb. Azarkeşlər hesab edirlər ki, hazırda milliyə ondan daha layiqli mərkəz müdafiəçiləri var. Məsələn, “Turan Tovuz”dan Şəhriyar Əliyev çağırıla bilərdi. Yaxud Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynovu U-21 millisi əvəzinə, əsas yığmaya dəvət etmək olardı.

H.Haqverdinin hər dəfə layiq olmadığı halda millinin heyətində yer alması De Byazinin oyunçuya dəvət göndərməkdə başqa maraqlarının olması ilə bağlı iddiaların ortaya atılmasına səbəb olub.

İtalyan mütəxəssisin digər mərkəz müdafiəçiləri ilə rəqabətdə açıq-aşkar uduzduğuna görə futbolçuya heyətdə yer tapmaq üçün onu sağ cinahda oynatdığını da xüsusi qeyd etməkdə fayda var. Bu, iddiaları daha da gücləndirir.

Araşdırmalarımız bəlli edib ki, həqiqətən, ikilinin başqa ortaq nöqtəsi var.

Aydın olub ki, De Byazinin və Haqverdinin agenti eynidir. Məşhur “Transfermarkt” portalına görə, onların hər ikisi “Magicfutesports” şirkəti ilə əməkdaşlıq edir.

Bəs bunun futbolçunun hər dəfə milliyə çağırılması ilə bağlantısı nədir?

Məsələ ondadır ki, müştərisinin milli komanda üzvü olması şirkət üçün prestijdir. Digər tərəfdən, yığmada oyunlara görə verilən mükafatdan müəyyən pay oyunçuların agentlərinə çatır. Başqa bir məqam isə futbolçunun milli komanda üzvü olmasının onun CV-sini zənginləşdirməsidir. Bu, gələcəkdə oyunçunun daha yaxşı müqavilələrə imza atmasını asanlaşdırır.

Beləliklə, De Byazinin layiq oldu-olmadı hər dəfə iranlı futbolçuya dəvət göndərməsini onlar arasındakı bu ortaq nöqtə ilə əlaqələndirmək üçün kifayət qədər məntiqli arqument var.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir