İdman

Azərbaycan klublarının pley-off perspektivi – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycanın üç komandası dünən Bakıda avrokubok oyununa çıxıb. Gecəni iki qələbə, bir məğlubiyyətlə başa vurmuşuq. Avqustun 17-də isə cavab görüşləri baş tutacaq. Bunu nəzərə alıb ilk oyunlar kontekstindən klublarımızın növbəti mərhələ – pley-off perspektivinə “işıq salmağa” çalışacağıq. Onu da nəzərinizə çatdıraq ki, mümkün uğursuzluq təqdirində “Sabah” və “Neftçi” qitə arenasında mübarizəni dayandıracaqlar. “Qarabağ” isə UEFA Konfrans Liqasında yoluna davam edəcək.

“Qarabağ” – HIK 2:1

Son çempion “Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HIK ilə ilk oyununda çətin anlar yaşadı. Halbuki, Qurban Qurbanovun komandası qarşılaşmaya fırtına kimi başlamışdı. Belə ki, artıq 4-cü dəqiqədə Marko Yankoviç qarşısıalınmaz zərbə ilə toru silkələdi. Baş hakim meydanın mərkəzini göstərsə də, VAR-ın müdaxiləsindən sonra ofsayd qeydə aldı. Həqiqətən də, Redon Cica oyundankənar vəziyyətdə idi və topa toxunmasa da, rəqib qapıçının baxış bucağını bağlamışdı. Ağdam təmsilçisinin qalan dəqiqələrdə təzyiqi bəhrə vermədi və komandalar paltardəyişmə otağına qolsuz yolandılar.

Fasilədən sonra da rəqibini müdafiə olunmağa məcbur edən “Qarabağ”, nəhayət, 55-ci dəqiqədə istəyinə çatdı. Leandro Andrade adını tabloya yazdırdı. Amma təəssüf ki, son çempion hesab arasındakı fərqi artıra bilmədi. Əksinə, bir qədər fəallaşan qonaqları 77-ci dəqiqədə Entoni Olusanya dəqiq zərbə ilə sevindirdi. Bununla belə, təzyiqi artıran “Qarabağ” 85-ci dəqiqədə matçda son nöqtəni qoydu. Bu dəfə Juninyo adını tabloya yazdırdı.

Düzdür, ağdamlılar oyun planında və ustalıq baxımından rəqibdən üstün görünürdülər. Sadəcə, futbolçular həlledici məqamlarda daha soyuqqanlı davransaydılar, məsələni böyük ölçüdə Bakıda həll etmək mümkün olacaqdı. Minimalhesablı qələbə isə arxayınlaşmağa əsas vermir. Elə Qurban Qurbanov da oyundan sonra keçirilən mətbuat konfransında diqqətləri bu məqama çəkib. “Cavab oyunu öncəsi bir az üstünlüyümüz var”, – deyən mütəxəssisi anlamaq çətin deyil. “Qarabağ” Helsinkidə, həqiqətən, maksimum diqqətli olmalı və yaratdığı imkanları qola çevirməlidir. HIK-in baş məşqçisi Toni Korkeakunnasın “Hələ heç nə həll olunmayıb” sözləri də çox şeydən xəbər verir.

Bir sözlə, komandalar arasında avqustun 17-də keçiriləcək cavab matçında “Qarabağ”ı heç də “asan gəzinti” gözləmir. Bununla belə, Qurban Qurbanovun komandası HIK ilə müqayisədə UEFA Avropa Liqasının pley-off mərhələsinə daha yaxın görünür. Bunun üçün Tofiq Bəhramov adına Respublika stadionunda əldə olunan üstünlüyü qorumaq da kifayət edir.

“Sabah” – “Partizan” 2:0

Masazırda yerləşən “Bank Respublika Arena”da, həqiqətən, inanılmaz, sürprizlə zəngin gecə yaşandı. Avrokuboklarda debüt mövsümünü keçirən “Sabah” adlı-sanlı rəqibi “Partizan”a sözün əsl mənasında futbol dərsi keçdi. Murad Musayevin komandası ilk yarıda hesabı aça bilməsə də, fasilədən sonra serbiyalılara kabus yaşatdı. Boyan Letiç və Aleksey İsayevin vurduğu qollar “Sabah”ı bu cütün favoritinə çevirdi. Etiraf etmək lazımdır ki, 2:0 hesablı qələbə yetərincə ciddi üstünlükdür. Oyun planında da rəqibini üstələyən Azərbaycan təmsilçisi, çətin ki, “Partizan” səddində ilişsin.

Bununla belə, Murad Musayev kifayət qədər ehtiyatlıdır və hələ heç nəyin bəlli olmadığını düşünür. Onun oyundan sonra mətbuat konfransında söylədiklərini bir daha xatırlayaq:

“Bugünkü oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik. Fanatların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakitliyimizi qoruyub, növbəti oyunu gözləməliyik”.

“Partizan”ın baş məşqçisi İqor Dulyay isə sanki “ağ bayraq” qaldırıb. Mütəxəssis bütün komponentlərdə “Sabah”dan geri qalan komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsinə adlayacağına əmin deyil: “Bu gün cavan “Sabah” yaşlı “Partizan”a dərs keçdi. Rəqibin baş məşqçisini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik”.

Göründüyü kimi, mübarizəyə II təsnifat mərhələsindən başlayan və burada Latviyanın RFŞ komandasına hər iki oyunda qalib gələn “Sabah” tarix yazmaqda davam edir. Masazırda son olaraq “Partizan”a da gücünü göstərən Azərbaycan Premyer Liqasının ötən mövsümünün gümüş medalçısı qitə səhnəsində qələbələri sıralayır. Pley-off mərhələsi yolunda son addım isə avqustun 17-də Belqradda atılmalıdır. Murad Musayevin komandası çılğın serbiyalı azarkeşlərin təzyiqinə tab gətirsə və xüsusən də ilk hissədə qapısının toxunulmazlığını qoruya bilsə, hədəfin öhdəsindən gəlmək çətin olmayacaq.

“Neftçi” – “Beşiktaş” 1:3

Etiraf etmək lazımdır ki, püşkdə üç Azərbaycan klubundan yalnız “Neftçi”nin bəxti gətirməmişdi. İstanbul nəhəngi “Beşiktaş” istər-istəməz bütün komponentlərdə futbolumuzun flaqmanından öndədir. Yəni nə qədər acı olsa da, bu iki komandanı tərəzinin eyni gözünə qoymaq mümkün deyil. Bunun nəticəsidir ki, ilk yarıda iki qol vuran qonaqlar görüşün taleyini, demək olar ki, xeyirlərinə həll etdilər. Fasilədən sonra isə rəqiblər hərəyə bir dəfə fərqləndilər.

Nəzərə alaq ki, mövsümün startı ərəfəsində “Neftçi”də həm rəhbərlik, həm də baş məşqçi səviyyəsində dəyişiklik baş verib. Heyətdə də yeniliklərin şahidiyik və bu proses hələ də davam edir. Adrian Mutu yeni komanda formalaşdırır ki, bu da yaxın gələcəyə hesablanmış addımdır. Təsadüfi deyil ki, rumıniyalı mütəxəssis Şenol Güneşin komandasına 1:3 hesablı məğlubiyyətdən sonra məhz bu məqamı xüsusi qabardıb:

“Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq”.

Mutu, həmçinin, İstanbula qələbə qazanmaq üçün gedəcəklərini gizlətməyib. Əlbəttə, tam təbii və peşəkar yanaşmadır. Komandanın baş məşqçisi, rəqib hər nə qədər güclü olsa belə, həmişə yetirmələrinə inamını ifadə etməlidir. Futbolun möcüzələr və sürprizlərlə zəngin idman növü olduğunu da unutmamalıyıq. Nə bilmək olar, bəlkə, “Neftçi” avqustun 17-də İstanbulda sensasiyaya imza atacaq? Necə deyərlər, yaşayarıq, görərik!

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir