İdman

Teymur Rəcəbov: “FIDE bizi yeddigünlük iş həftəsinə keçirir”

Sharing is caring!


“Buradakı dostlarım, tanışlarım, ailə üzvləri ilə bir arada olmaq mənim üçün məmnunedicidir. Turnirdə mümkün qədər irəli getməyə çalışacağam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Qrosmeyster Dünya Kubokunun təxminən bir ay davam etməsini özü üçün problem hesab etmədiyini deyib:

“Ümumiyyətlə, ən çətini bir ay eyni məkanda qalmaq olacaq. Amma doğma ölkəm, doğma şəhərimdə uzun müddət qalmağı problem kimi görmürəm. Yeni qaydalara əsasən, bir sıra ölkələrdə dördgünlük iş həftəsinə keçilir. Amma FIDE çox özünəməxsusdur. Biz həftədə yeddigünlük iş qrafikinə keçirik. Buna etirazım yoxdur. Son qaydalar məni məmnun edir. Heç bir narazılığım yoxdur”.

2019-cu ildə Dünya Kubokunun qalibi olan T.Rəcəbov dünyanın bir nömrəsi Maqnus Karlsenin iştirak edəcəyi yarışda uğuru təkrarlaya bilib-bilməyəcəyi ilə bağlı sualı belə cavablayıb:

“Dünya Kuboku asan turnir deyil. Bəzən yüksək reytinqli şahmatçılar ilk raundda məğlub olublar. Karlsenin özü Gürcüstanda səhv etmirəmsə, ikinci raundda uduzmuşdu. Bəzən reytinq rol oynamır. Kiçik səhv həlledici ola bilər. İkinci dəfə qazanıb-qazanmayacağımı deyə bilmərəm. Birmənalı şəkildə deyə bilərəm ki, şahmat təqvimində ən həyəcanlı turnirlərdən biridir”.

Qeyd edək ki, iyulun 30-da start götürəcək Dünya Kuboku avqustun 24-nə qədər davam edəcək.

Faiq Tahirov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir