İdman

PFL-in vitse-prezidenti: “II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin”

Sharing is caring!


“Çalışırıq ki, hər mövsüm öncəkindən daha maraqlı olsun. İnanırıq ki, maraqlı mövsüm olacaq”.

Oxu.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi zamanı çıxışında deyib.

O bildirib ki, çempionatı yüksək səviyyədə keçirmək istəyirlərsə, bura yüksək səviyyəli komandalar gəlməlidirlər:

“Komandalar heyətlərini gücləndirir, yaxşı təlim-məşq toplanışı keçirlər. Klublarımız daha da peşəkarlaşırlar. İllər sonra Premyer Liqada idman prinsipi qorundu. Elitanın sonuncusu I Diviziona düşdü. Bu, elitada mübarizəni də gərginləşdirir. Çalışmalıyıq hər mövsüm bu qorunsun. “Araz Naxçıvan”da infrastruktur problemi var. Ya qeyd-şərtsiz çempionu buraxmalı, ya da hansı klub tələblərə cavab verirsə, onu elitaya buraxmalıyıq”.

A.Şahgəldiyev əlavə edib ki, legioner sayı üçün tətbiq ediləcək rüsumlarla bağlı hər hansı güzəşt edilməyəcək:

“Rüsumla bağlı heç bir güzəşt olmayacaq. Güzəşt etsək, İcraiyyə Komitəsinin qərarı əhəmiyyətsiz olacaq. Rüsum ödəmək istəməyən klub yerli oyunçuları cəlb etməlidir”.

Qurum rəsmisi yarış sayı artdığı üçün işlərinin də çoxaldığını əlavə edib:

“Beş liqa keçirəcəyik. İşimiz artacaq. Ən çox tənqid ediləcəyimiz mövsüm olacaq. Bunlardan qorxmuruq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Nə vaxtsa başlamalıydıq. Futbolçu qıtlığı olduğuna görə I Liqa komandaları gənclərə təklif göndərirlər. Bu, faydalı məqamdır. Hamı üçün uğurlu futbol mövsümünün olacağını düşünürəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir