İdman

“Kəpəz” yenidən “didərgin” düşür? – FOTO

Sharing is caring!


“Kəpəz” yenidən ev oyunlarını Gəncədə keçirməyə bilər.

Oxu.Az xəbər verir ki, buna Gəncə şəhər stadionunun ot örtüyünün sıradan çıxması səbəb olub. Premyer Liqanın XXVIII turunda “Səbail”lə qarşılaşmada hər iki komanda üzvləri meydanda hərəkət etməkdə çətinlik çəkiblər.

Əldə etdiyimiz məlumata görə, problemin tezliklə həll olunması gözlənilmir. Bu səbəbdən “sarı-göylər”in növbəti ev oyunu – Premyer Liqanın XXX turunda “Turan Tovuz”la matçı başqa meydanda keçirməsi gündəmdədir. Əlbəttə, həmin matça qədər ot örtüyü normala qayıdarsa, vəziyyət dəyişə bilər. Lakin indiki məqamda bu, real görünmür.

Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Oxu.Az saytına açıqlamasında bildirib ki, məsələ ilə bağlı yekun qərar aprelin 10-da meydançaya baxış keçirildikdən sonra veriləcək. Həmin günə qədər nəzərəçarpacaq dəyişiklik olmayacağı təqdirdə, matçın məkanı dəyişdiriləcək:

“Hələ mövsümdən öncə Gəncə şəhər stadionunun ümumi durumu müzakirə mövzusu idi. Həmin vaxt daha çox əsas və yardımçı otaqlarla bağlı problemlər vardı, ot örtüyü isə yaxşı vəziyyətdə idi. Bu gün ot örtüyü ilə bağlı problem meydana gəlib. Məsələ ilə bağlı hələ XXVI turda “Zirə” ilə oyundan öncə klub rəhbərliyi ilə danışmışıq və onlara vəziyyəti nəzarətə götürməyin vacib olduğunu bildirmişik. Bu faktdır ki, son oyunda problem daha da dərinləşmişdi. Əlbəttə ki, klub rəhbərliyi ilə danışdıq. Narazılığımızı dilə gətirdik və bu cür meydanda oyun keçirməyin Peşəkar Futbol Liqasının maraqlarına xidmət etmədiyini vurğuladıq. Bizə bildirildi ki, hazırda stadionun qazonunda renovasiya işlərinə başlanılıb, yeni toxum səpilib. Amma bunun bəhrəsini 15 apreldə nəzərdə tutulan oyunda tam görə bilməyəcəyik, qismən yaxşılaşacağını bildirdilər. Oyundan 5 gün öncə, yəni 10 apreldə stadiona vizual baxış keçirəcəyik. Artıq bununla bağlı həm “Kəpəz”, həm də “Turan Tovuz” klubunun rəhbərliklərinə rəsmi məktub gondərilib. Əgər aprelin 10-dək stadionda nəzərəçarpacaq irəliləyiş olmasa, bundan sonra aprel ayının tam təqviminin açıqlanmasına baxmayaraq, Əsasnaməyə uyğun olaraq və idman prinsipləri əsas götürülərək müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun tribunalarının qəzalı vəziyyətdə olmasına görə “Kəpəz” mövsümün əvvəlində rəqiblərini öz meydanında qəbul edə bilmirdi. Hazırda komandanın ev oyunları üçün satışa çıxarılan biletlərin yuxarı həddi üç mindir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir