Cəmiyyət

Paytaxtda II Uşaq Kitab Festivalı başlayıb – FOTO

Sharing is caring!


Bakıda II Uşaq Kitab Festivalı başlayıb.

“Report” xəbər verir ki, açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Festival Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, təqdimatlar, imza mərasimləri, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar nümayiş etdiriləcək.

Sərginin ilk günündə yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, qiraətçi Xəzər Süleymanlının nağıl saatı baş tutub.

Həmçinin Uşaqlar üçün Aytac Qəmbərovanın təqdimatında kukla teatrı, 3 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin “Voka” dərnəyinin musiqili proqramı təqdim olunub.

Növbəti günlərdə Xalq artisti Mənsum İbrahimov, aktyor Kamal Yaşar kimi tanınmışların nağıl saatı keçiriləcək.

Bundan əlavə, Türkiyədən gələn qonaqlar – yazıçı Suat Turqut, həkim Özge Lokman kimi mütəxəssislərin panelləri baş tutacaq.

Festivalda tanınmış ədiblərlə yanaşı gənc yazarlara, debütantlara da diqqət ayrılıb, onların imza mərasimləri, təqdimatları keçirilib.

Qeyd edək ki, aprelin 11-nə kimi davam edəcək tədbir “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalın könüllü dəstəyini isə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi öz üzərinə götürüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir