İdman

“Qarabağ” Belçikada ilkə imza ata biləcək? – ARAŞDIRMA

Sharing is caring!

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Gent”in qonağı olacaq.

Oxu.Az xəbər verir ki, bu, Ağdam klubunun Belçikaya üçüncü səfəridir. “Köhlən atlar” daha əvvəl “Brügge” və “Anderlext”lə Avropa Liqası (AL) oyunları üçün adıçəkilən Benilüks ölkəsinə gedib. Bunlardan birincisi turnirin 2011/12 mövsümünün 3-cü təsnifat mərhələsində baş verib. Brüggedə şəhərin eyniadlı komandası ilə qarşılaşan Azərbaycan təmsilçisi 4:1 hesabı ilə məğlub olub. Bakıdakı cavab matçında minimal hesablı (1:0) qələbə növbəti mərhələ üçün kifayət etməyib.

İkinci və hələlik sonuncu duel “Anderlext”ə qarşı AL-in 2015/16 mövsümündə baş tutub. Brüssel klubu ilə eyni qrupda yer alan “Qarabağ” Bakıda 1:0 üstün olub, səfərdə 1:2 uduzub.

Ümumilikdə Azərbaycan təmsilçiləri avrokuboklarda 11 dəfə belçikalılarla üz-üzə gəliblər. Bunların 5-də klublarımız üstün olub. Belçikalıların da eyni sayda qələbəsi var. 1 görüşdə qalib müəyyənləşməyib. Top fərqində üstünlük rəqib komandalardadır – 10:18.

Azərbaycan və Belçika klublarının avrokubok duelləri:

UEFA Çempionlar Liqası, 2005/06 mövsümü: “Anderlext” – “Neftçi” – 5:0, “Neftçi” – “Anderlext” – 1:0

UEFA İntertoto Kuboku, 2008/09 mövsümü: “Jerminal” – “Neftçi” – 1:1, “Neftçi” – “Jerminal” – 1:0

UEFA Avropa Liqası 20011/12 mövsümü: “Brügge” – “Qarabağ” – 4:1, “Qarabağ” – “Brügge” – 1:0

UEFA Avropa Liqası, 2015/16 mövsümü: “Qarabağ” – “Anderlext” – 1:0, “Anderlext” – “Qarabağ” – 2:1

UEFA Avropa Liqası, 2016/17 mövsümü: “Anderlext” – “Qəbələ” – 3:1, “Qəbələ” – “Anderlext” – 1:3

UEFA Konfrans Liqası, 2022/23 mövsümü: “Qarabağ” – “Gent” – 1:0

Azərbaycan yığmasının da yolu Belçika millisi ilə bir neçə dəfə kəsişib. Milli indiyə qədər bu rəqiblə 4 dəfə üz-üzə gəlib. Hər biri rəsmi xarakter daşıyan qarşılaşmaların 3-də Belçika üstün olub, 1 görüşdə qalib müəyyənləşməyib. Top fərqində rəqib üstündür – 2:9. Yığmamız AVRO-2024-ün seçmə mərhələsində də Belçika ilə eyni qrupda yer alıb. Komandalar arasında ilk oyun sentyabrın 9-da Bakıda baş tutacaq.

Azərbaycan və Belçika millilərinin oyunları:

AVRO-2008, seçmə mərhələ: Belçika – Azərbaycan – 3:0, Azərbaycan – Belçika – 0:1

AVRO-2012, seçmə mərhələ: Belçika – Azərbaycan – 4:1, Azərbaycan – Belçika – 1:1

Göründüyü kimi, milli səviyyəsində Belçika ilə oyunlar uğurlu alınmasa da, Azərbaycan klubları bu ölkədən olan rəqiblərinə “diş göstərməyi” bacarıb. Təkcə “Qarabağ” belçikalılar üzərində 3 qələbə əldə edib. Ancaq Qurban Qurbanovun komandası bu ölkəyə səfərlərdə məğlubiyyətdən qaça bilməyib. Bu gün komanda “Gent”ə məğlub olmasa, həm özü üçün uğursuz tendensiyaya son qoyacaq, həm də Azərbaycan futbolu adına yeni uğura imza ataraq ilk dəfə avrokuboklarda 1/8 final oynayacaq.

Bu gecə “Gelamko Arena”da baş tutacaq “Gent” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir