Hadisə manset

İran sərhədində atışma: Hərbçimiz yaralandı

İyulun 27-də saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) XeberAl.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam edilmişlər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüş keçirilmiş, hadisə yerinə birgə baxış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilmişdir.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir