Dünya

Rusiya XİN Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayıb

Sharing is caring!


“Rusiya Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsini alqışlayır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Rusiya tərəfi Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, – bəyanatda qeyd olunub.

Rusiya XİN Prezident Vladimir Putinin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik etdiyini və ona təbrik məktubu ünvanladığını xatırladıb:

“Məktubda qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin yüksək siyasi nüfuzunu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyi kursa ümumxalq dəstəyini tam təsdiq edir”.

Bəyanatda bildirilib ki, Azərbaycanda keçirilən seçkini 790 beynəlxalq müşahidəçi izləyib:

“Rusiya Federasiyası 148 nümayəndəni, o cümlədən Federal Məclis, MDB İcraiyyə Komitəsi və Parlamanet Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı və ATƏT DTİHB vasitəsilə göndərib. MDB-nin Baş katibi Sergey Lebedev seçkinin demokratik iradənin ifadəsi prinsiplərinə uyğun keçdiyini, seçicilərin böyük fəallığının müşahidə olunduğunu vurğulayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli, alternativ əsasda və əlverişli atmosferdə keçib. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib. Bütün bunların fonunda Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünür. Onlar əvvəlcədən də Azərbaycanda prezident seçkisinə son dərəcə qərəzli yanaşıb və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsullardan istifadə ediblər”.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində liderdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir