Dünya

Fransa kəşfiyyatının ifşası, Azərbaycanın proseslərdəki mühüm yeri, Burkina-Fasoda dörd agentin həbsi – TƏHLİL

Sharing is caring!


Fransanın xaricdəki kəşfiyyat fəaliyyətlərini Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) kurasiya edir.

Fransa xüsusi xidmət orqanlarının elitası sayılan DGSE özü belə hesab edir ki, onu kimsə ifşa edə bilməz. Hər halda, Fransanın ali məxfi xidmətinin özünün saytında qeyd olunan xəbərdarlıq belə təəssürat yaradır. 

Lakin iki gün öncə Azərbaycan mediasında Fransanın agentura şəbəkəsinin ifşa edilməsi barədə məlumatlar çıxdı, bu, təbii ki, Bakının genişspektrli kəşfiyyat mübadiləsi kanalları vasitəsilə əldə etdiyi informasiyaların aynası kimi şərh oluna bilər.

Çox böyük ehtimalla Fransa:

– Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti ilə,

– Azərbaycanın strateji müttəfiqi Türkiyənin Milli İstihbarat Təşkilatının köməkliyi ilə,

– Bakının tərəfdaşlarından ibarət kəşfiyyat cameəsinin dəstəyi ilə Fransanı ifşa edən sxemlərə yiyələnib.

Bu, casus şəbəkəsindəki şifrələrin qırılması fonunda diqqətçəkən böyük bir işdir. Çünki proses daha geniş bucaqda Fransanın postsovet məkanında, Afrika regionunda koordinasiyalı kəşfiyyat strukturunun axınına vurulan zərbədir.

Məlumatların doğruluğuna şübhə etməmək üçün vacib bir əsası qeyd etməkdə fayda var. Hələ bu ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdə Fransanın regional təxribat planları barədə bəyanat səsləndirmişdi.

Hələ o zamandan Azərbaycanda Fransanın genişmiqyaslı kəşfiyyat və əks-kəşfiyyat həmlələri ilə hərəkət etdiyinə dair məlumatlar olub. Güman ki, İlham Əliyev ona məruzə olunan çox mühüm kəşfiyyat məlumatlarını diplomatik-siyasi tərzdə emal edərək məsələnin ciddiliyi barədə ismarış çatdırmışdı.

Hər halda, Azərbaycan əgər Fransanı ifşa edən kampaniyada iştirak edirsə, bunun özü Bakının regional genişlənmə siyasətinin kəşfiyyat aspektlərini ortaya qoyur.

Halbuki, DGSE özü bəyan edir ki, o, Afrikadan tutmuş Yaxın Şərqə qədər tərəfdaş və müttəfiqləri ilə birlikdə mürəkkəb və eyni vaxtda gözlənilməz böhranlarla birbaşa məşğul olur. Son hadisələrdən sonra bu imic tədrici şəkildə pozulur, çünki ortada ciddi məqamlardan xəbər verən mətləblər gündəmdədir.

Bəli, Azərbaycan özünün kəşfiyyatı ilə öyünən Fransanın ali məxfi xidmətinin fəaliyyətini ifşa edirsə, deməli, Parisin əlaqələri və müttəfiqləri ilə iş birliyindəki gizli müdafiə xətlərinə əhəmiyyətli zərbə dəyib.

Fransanın formalaşdırmaq istədiyi kəşfiyyat şəbəkəsi Parisin geostrateji ambisiyalarını təmin edən istiqamətlərin əsasıdır. Görünür ki, Paris həmin istiqamətə postsovet məkanı üzrə yüksəksəviyyəli həyəcan siqnalı vermişdi.

Ancaq ifşa dalğasının yaranması Fransa diplomatiyası qarşısında çağırış qoyur ki, dövlətlər arasındakı kəşfiyyat insidentlərini minimuma endirmək üçün danışıq kanallarına girsin.

Amma Fransa xəfiyyə xidməti elə bir dalğa ilə üzləşib ki, hələ onun fəsadlarını yığışdırmaqdan ötrü inandırıcı dəlillər tapmalıdır.

“Le Monde” yazır ki, Burkina-Fasoda Fransanın dörd agenti həbs edilib. Bu, Fransa ilə Burkina-Faso münasibətlərinə vurulan son zərbə kimi qiymətləndirilir.

Fransa rəsmi olaraq casusluq ittihamlarını rədd edib və bildirib ki, diplomatik pasportlara və vizalara malik olan məmurlar Burkina-Fasoda Fransa səfirliyinin kompüterlərinə texniki xidmət göstəriblər.

Proqnoz səsləndirmək olar ki, Fransa oturub rəqiblərinin şərtlərinə cavab verən sövdələşməyə getməsə, onun beynəlxalq aləmdəki ifşa kampaniyası davam edəcək.

Azərbaycana qayıdaq, onun əlində olan məlumatlar Parisi Bakının maraqlarını nəzərə alan nöqtədən səmərəli əməkdaşlığa yönləndirə bilər.

Yəni indi Fransa Azərbaycanla eyni masa arxasında oturub Bakının strateji regional maraqlarını dinləyib nəzərə almaq məcburiyyətini hiss edir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir