Dünya

Yeni Kaledoniyadakı aksiyalarda niyə Azərbaycan bayrağı dalğalanır? – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Yeni kolonializm siyasəti həyata keçirən ölkələrin mətbuatında “Bakı Təşəbbüs Qrupu”nun (bundan sonra BTQ) fəaliyyətinə dair bəzi reaksiyaları müşahidə edirik və həmin ölkələrin hökumətləri təşkilatımızın uğurları ilə əlaqədar narahatdırlar”.

Bunu Oxu.Az-a müsahibəsində BTQ-nin icraçı direktoru Abbas Abbasov deyib. Müsahibəni təqdim edirik.

– Abbas müəllim, Bakı Təşəbbüs Qrupu yaxın müddət üçün hansı tədbirlərə hazırlaşır?

– Dekabrın 14-də İsveçrənin Cenevrə şəhərində, Birləşmiş Millətlər Təşkilatının Qərargahında “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Keçirəcəyimiz beynəlxalq tədbir BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il, 1514 (XV) saylı qətnaməsi üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamənin qəbul olunduğu tarixlə eyni günə təsadüf edir. Bu səbəbdən 14 dekabr tarixi dünyada Dekolonizasiya Günü kimi qeyd edilir.

– Bakı Təşəbbüs Qrupu, belə görünür ki, Azərbaycanın neokolonializmlə mübarizəsi çərçivəsində koordinasiyaedici bir funksiyaya malikdir. Bu qədər tədbirlər keçirilir, bəs beynəlxalq reaksiya adekvatdırmı? 

– Öncə bildirmək istərdim ki, BTQ beynəlxalq hüquq çətiri altında kolonializm və neokolonializm ilə mübarizə aparan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bir müddət öncə Fransız müstəmləkəçiliyindən zərər çəkən regionların əsas istəkləri ondan ibarət idi ki, onların səsləri beynəlxalq platformalarda eşidilsin. Çünki onların səsləri və çatdırmaq istədikləri həqiqətlər yalnız yerli kütləvi informasiya vasitələrində, daha çox sosial şəbəkə səviyyəsində çatdırılırdı. Biz isə öz növbəmizdə, beynəlxalq tədbirlər keçirərək onların dünya ictimaiyyətinə çatdırmaq istədikləri həqiqətləri beynəlxalq platformalara çıxarırıq.

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BTQ-nin ilk beynəlxalq konfransını keçirdik, daha sonra Bakıda daha iki böyük beynəlxalq tədbirimiz baş tutdu. Müstəmləkəçilikdən zərər çəkən regionların nümayəndələrinin səslərinin beynəlxalq platformalarda eşidilməsi üzrə BTQ bu il nəzərdə tutduğu fəaliyyətləri uğurla başa vurur. Dünya ictimaiyyətinin reaksiyasına gəlincə, bu hələ, təəssüf ki, arzuladığımız səviyyədə deyil. Real gücə əsaslanan müasir beynəlxalq münasibətlərdə ədalət prinsipi arxa plana keçib. Biz bunun ən gözəl nümunəsini Azərbaycanın simasında gördük. Beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, kimsə Ermənistana işğalçı kimi baxmaq istəmirdi. Məlum məsələdir ki, müstəmləkə siyasəti yürüdən bəzi böyük güclərə təzyiq etmək, xalqların azadlıq mübarizəsinə dəstək vermək asan məsələ deyil. BTQ cəmi üç aydan bir az çoxdur ki, fəaliyyətə başlayıb və bu qısa zamanda təşkilatımızın kolonializm ilə mübarizədə atdığı uğurlu addımlar beynəlxalq ictimaiyyətin gözünün önündədir. Biz bu istiqamətdə nəticəyönümlü və sistemli işimizi davam etdirəcəyik.

– Amma Bakı Təşəbbüs Qrupunun son iki tədbirindən sonra Yeni Kaledoniyada Fransa əleyhinə aksiyalar başladı və orada Azərbaycan bayrağı dalğalandırıldı. Yeni Kaledoniya Azərbaycandan kifayət qədər uzaq məsafədə yerləşir. Yaxşı, Fransa belə bir iddia irəli sürmək hüququna malikdirmi ki, Azərbaycan Yeni Kaledoniyadakı hərəkatı idarə edir?

– Bilirsiniz, Yeni Kaledoniyada Azərbaycan bayrağının dalğalanmasında heç bir siyasi motiv yoxdur. Bayrağımız kanak xalqının Azərbaycan dövlətinə olan rəğbətinə görə qaldırılıb. Onlar dəfələrlə vurğulayıblar ki, heç bir ölkə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan qədər müstəmləkəçiliyə qarşı mübarizə aparmayıb. Yeni Kaledoniyada ölkəmiz çox populyardır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir