Dünya

Kanadaya anti-Azərbaycan təlimatlarını verənlər: Bakı “uranlı tədbir” görə bilər – TƏHLİL + FOTO

Sharing is caring!


Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfərini, İrəvanda ölkəsinin səfirliyinin açılışında iştirakını, Azərbaycana qarşı ittihamlarını daha geniş bucaqdan şərh etmək lazımdır.

Birinci istiqamət

İlk olaraq Kanadanın Fransa ilə əlaqələrindəki müştərək narrativlərə diqqət etməkdə fayda var.

Fransa ilə Kanadanın əlaqələrinin mənəvi aspektləri ortaq tarix və ortaq dillə əlaqəli şəkildə klassikləşmiş qiymətə minib.

Fransa və Kanadanın zəngin gündəliyə malik ikitərəfli əlaqələri onların münasibətlərinin çevrəsini Frankofoniya Təşkilatındakı ortaq maraqların belə fövqünə çıxarır.

Parislə Ottavanın müttəfiqliyi əsasında Fransa Kanadanı özünün genişmiqyaslı ambisiyalarının reallaşması istiqamətinə cəlb edir.

Beləliklə, Kanada Fransanın beynəlxalq nizamın orbitini dəyişmək üçün tərtib etdiyi qaydalarla oynayır. 

Deməli, Kanada Fransanın Cənubi Qafqaz coğrafiyasında yeni təhlükəli alətlər yaratmaq səylərini bölüşür.

Bu tendensiya Fransa-Kanada münasibətlərində beynəlxalq mobilliyi təmin edən hərəkətlərin bir hissəsidir. Bu mənada Fransanın Ermənistanı silahlandırmaq üçün üzərinə öhdəliklər götürməsi Kanadaya da məsuliyyət yükləyir. Gələcəkdə Fransa ilə Kanadanın ikitərəfli və çoxtərəfli kontekstdəki geniş müdafiə əməkdaşlığının təzahürləri Cənubi Qafqazda üzə çıxa bilər.

Məntiq bu cür söyləyir ki, Kanada XİN başçısının Ermənistana səfər proqramı Parisin təlimatları ilə tərtib edilib və Ottava Fransanın regiondakı maraqlarına əhəmiyyətli dəstək vermək üçün əlindən gələni etməyə çalışır.

İkinci istiqamət

Kanada Fransanın müəyyən etmək istədiyi qlobal çağırışların icrasına effektiv yardım göstərməkdən ötrü Ermənistanla ikitərəfli əlaqələri dərinləşdirir. Belə hesab edir ki, bu, Fransanın regiondakı rəqiblərinə qarşı tutarlı cavab kodeksidir.

Kanadada hələ Qarabağ münaqişəsi dövründə ermənipərəst mövqe olub, bu, yeni bir əlamət deyil. Ancaq indi Kanadanın baş diplomatının İrəvanda Azərbaycanı sanksiyalarla hədələməsi Parisin mövqeyini nəhəng göstərməyə hesablanan addımdır. 

Melani Colinin Ermənistanın Azərbaycanla şərti sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi də onu göstərir ki, Ottava Parisin regiondakı hərbi-siyasi təşəbbüslərinin icraçısıdır.

Əslində isə Colinin Azərbaycan ərazilərini müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir.

Düzü, heç düşünmək də olmur ki, Kanada diplomatının qeyri-peşəkarlığı belə, müstəqil iradənin məhsuludur. Çünki Kanadaya ABŞ də ciddi təsirlər edir.

Beləcə, Kanadanın Cənubi Qafqazla əlaqədar gündəliyində daha bir məqam onun ABŞ-dən asılılığını qeyd edir. Çünki Kanadanın Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulması faktiki olaraq ABŞ-nin bu missiya daxilinə öz vassalını yerləşdirmək əməliyyatıdır.

Azərbaycanın hazırlaya biləcəyi cavab

Azərbaycan Kanadanın belə gizli gündəliklə regiona gəlmək cəhdlərinə mənalı cavablar hazırlaya bilər. Söhbət ondan gedir ki, bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür.

Perspektiv üçün Çinin buna razılıq verməsi mümkün deyil, çünki Pekinin Qərblə münasibətləri yeni dünya nizamının yaradılmasına cəhdlər fonunda daha da pisləşir.

Buna görə də Kanada Azərbaycanın tranzit əhəmiyyətini qiymətləndirib, heç olmasa, sakit durmağı seçməlidir.

Əgər Kanada Ermənistana dəstəklərini davam etdirsə, Azərbaycan istənilən vaxt bu ixrac marşrutunda üzərinə düşən hissəni dayandıra bilər.

Başqa yandan, Azərbaycan Kanada şirkətlərinin ölkədəki fəaliyyətini məhdudlaşdırmağı nəzərdən keçirə bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir