Dünya

Maskla Mark boğuşacaq, biz kasıblar da baxacağıq!

Sharing is caring!


Qan Turalı yazır…

Sosial media olmadan yaşamaq mümkündürmü? Bu sual təntənəli bir şəkildə qarşımızda dayanır. Məsələ isə son dərəcə sadədir. Müsbət və mənfi cəhətlərini müəyyən edirik, sonra isə qərar veririk.

Bu hesabı hər bir şəxs özü üçün müəyyən edə bilər. İtirdiyiniz vaxtı hesablayırsınız və bunun müqabilində qazandığınız şeyləri… Bəli, hamı kitab oxumaq üçün vaxtın az olmağında şikayət edir. Ancaq sosial mediaya girmək üçün vaxtı olmadığını deyən adam yoxdur. Kitabla da sosial media kimi hər yerdə məşğul olmaq olar. Kitabın “zaryadka”sı bitmir, meqabaytı qurtarmır. Ancaq kitab oxumağa vaxt yoxdur. Heç bütün gününü virtual dünyada keçirən insanlar elektron kitab da oxumurlar. Çünki kitabın qoxusunu ala bilmirlər. Halbuki yanlarına bir kitab qoyub elektron kitab oxuya, istəyəndə yanındakı kitabı qoxlaya bilərlər. Variant çoxdur, istək isə çox az. Bu məsələnin sadə bir tərəfidir… 

Ancaq problem getdikcə daha təhlükəli bir hala çevrilir. Sosial media nəticəsində nadanlıq getdikcə sürətlə yayılır. İndi bir taksi sürücüsü sizə dünyanı idarə edən gizli təşkilatlardan danışa bilir. Onunla mübahisəyə girmək yersizdir. Peşəkar bir şəxs kimi deyirəm. Dünən belə bir söhbət oldu. Ancaq sonda taksi sürücüsü “bizə çox şeyi demirlər” sözü ilə mübahisəni bitirməyə cəhd göstərdi. Hava isti idi deyə bu cümlə ilə mübahisəni bitmiş hesab etdim. 

Sosial mediaların sayı az imiş kimi “Meta” şirkəti yeni bir sosial media tətbiqini istifadəyə verdi. “Threads” adlı bu tətbiqin artıq 70 milyondan artıq istifadəçisi var. Bu tətbiq “Twitter”ə ciddi bir rəqib kimi nəzərdən keçirilir. 

Ancaq bu vurhavurda “Twitter” sahibi Elan Musk Metanın rəhbəri Zukerberqi qəfəs döyüşünə dəvət, Zukerberq də öz növbəsində bu təklifi qəbul edib. “Threads”dan sonra onların sosial mediada qurşaqaltı polemikaları da oldu. Ona görə də bu döyüş böyük maraqla gözlənilir. 

Zukerberq Uzaq Şərq idman növləri ilə məşğuldur. Ancaq İlon Mask daha iddialı danışır. Təsəvvür edin, dünya hara gedir. İki milyarder uşaq kimi döyüşəcək. Lap köhnə duellər kimi… Baş verənləri sözün həqiqi mənasında anlamaq çox çətindir. Ancaq duel cəngavərlər, zabitlər arasında idi. Burjualar yəni biznes adamları arasında yox… 

İtaliyanın Mədəniyyət nazirliyi də prosesə seyrçi qalmayıb. Belə ki, onlar da dəvət göndərərək döyüşün antik amfiteatr olan Kolizeydə keçirilməsini təklif ediblər. Bir zamanlar bu amfiteatrda qladiatorlar yarışırdı. İndi isə modern dövrün imperatorların döyüşü Kolizeydə olacaq. Olacaqmı? Xarici media yazır ki, mütləq olacaq. Əvvəlcə insanlar şübhə ilə yanaşırdı. İndi isə əminlik yaranıb. 

Bu bir piar işidir? Bu ağla gələn ilk ehtimaldır ancaq bu şəxslərin hansı piara ehtiyacı ola bilər ki?! Zatən, yaxşı, ya da pis əməlləri ilə az qala hər gün medianın gündəmindədilər. 

Bəs baş verən nədir? Sözün həqiqi mənasında bunu anlamaqda çətinlik çəkirəm. Ancaq bu sosial şəbəkələrə nəzər saldıqca mübahisəli elə bir şey qalmır. Necə ki, sosial şəbəkələrdə məntiq getdikcə itir, insanlar getdikcə daha artıq dərəcədə alqoritmanın əsirinə çevrilirsə bu döyüş də eynilə o cürdür.

Kamal Sunalın çəkildiyi bir film vardı. Adı da “Uyanık gazeteci”. Yadınıza gələr bəlkə. Kamal Sunal bir jurnalist kimi dünyadakı bütün müharibələri dayandırmaq üçün bir yol təklif edirdi: Həmin ölkələrin rəhbərlərini güləşdirmək. Milyarderlərin qəfəs döyüşü də bu filmi yadımıza salır. Ancaq o film idi. Bu isə reallıqdır. 

Bir zamanlar filmləri reallıq kimi qəbul edirdik. Məlik Dadaşov erməni rolunda oynayıb deyə yazıq kişiyə dünyanı dar eləmişdik. Hara gedirdisə mehmanxanada qaldığı otağı daşlayırdılar. Bakıda neçə dəfə polisə verilmişdi. İndi isə həyatı film kimi qəbul edirik. Həyatı qoyub virtual reallıqda yaşayırıq. Küçədə gedən qız xoşumuza gəlirsə ona “ürək atmaq” istəyirik. Gülməli söz danışan olanda gülmək əvəzinə “Hahaha” atmaq ürəyimizdən keçir. Yasa getmək əvəzinə “göz yaşı” emojisi qoyuruq. Bu virtual dünyada Maskla Markın döyüşü də tamamilə məntiqli görünür. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir