Dünya

Əsas olan nəticədir: Moskva, Vaşinqton, yoxsa Brüssel? – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun olacağı ilə bağlı informasiyalar yayılıb. Artıq ünvanlar da bəllidir. Vaşinqton və Moskva. Bu zamana qədər ən aktual olan Brüssel formatı isə sanki öz əhəmiyyətini itirib. Görünən odur ki, Cənubi Qafqazda gedən geosiyasi mübarizə yeni mərhələyə keçir. 

Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində növbəti görüşün keçirilməsi planlaşdırılır. İlkin olaraq bəyan edildi ki, belə bir görüş may ayında ABŞ-də olacaq. Bu açıqlamadan sonra Laçında Ermənistanın təxribatları nəticəsində 3 hərbçimiz şəhid oldu. Elə bu ərəfədə Rusiya XİN sözçüsü Mariya Zaxarova da tərəflər arasında növbəti görüşün Rusiyada keçiriləcəyini istisna etmədi. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxın vaxtlarda görüşəcəyini bəyan etdi. Bəs görəsən reallıqda növbəti görüşün yeri Moskva olacaq, ya Vaşinqton?   

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“Vasitəçilər görüşün keçirilməsində maraqlıdırlar”

Mövzuya münasibət bildirən politoloq Rəşad Bayramov bildirdi ki, böyük güclərin Cənubi Qafqaz regionu ilə bağlı maraqları var: “Bu baxımdan istər ABŞ və Rusiya, istərsə də Avropa İttifaqı danışıqların məhz onların vasitəçiliyi ilə keçirilməsində maraqlıdır. Əsas məsələ görüşün harada keçiriləcəyi yox, əldə ediləcək nəticə ilə bağlı olmalıdır. Biz indiyə qədər ABŞ dövlət katibinin təşəbbüsünün, Putinin vasitəsilə Moskvada və Soçidə, o cümlədən Avropa İttifaqının dəstəyi ilə Brüssel və Praqada keçirilən görüşlərin şahidi olmuşuq. Amma indiyə qədər keçirilən görüşlərin heç birində əldə edilən razılaşmaların icrasına nail olunmayıb. Misal üçün, 2021-ci ilin 11 yanvarında Rusiyada verilən bəyanatda sərhədlərin delimitasiyasının aparılması ilə bağlı konkret komissiyanın yaradılması və s. nəzərdə tutulmuşdu, müvafiq vaxt da verilmişdi. Lakin hələ də sərhədlərin delimitasiyası, demarkasiyası məsələsi öz həllini tapmayıb. Brüsseldə keçirilən görüşdə yenə eyni şəkildə Zəngəzur dəhlizi, kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var idi. Bu məsələ də indiyə qədər həll olunmayıb. Yaxud da Blinken vasitəsilə keçirilən görüşdə sülh danışıqlarının intensivləşdirilməsi və ortada olan sülh müqaviləsi layihəsinin detallarının müzakirəsi nəzərdə tutulsa da, biz bunu da görə bilmirik”.

“Ermənistan birbaşa danışıqlardan yayınır”

R.Bayramov vurğuladı ki, Azərbaycan münaqişənin həllində nəyə nail olubsa, yalnız güc yolu ilə əldə edib: “Sırf danışıqlarla nəyə isə nail olmaq mümkün deyil. Bu günlərdə Rusiyada görüş keçiriləcəksə, mütləq şəkildə sonra ABŞ dövlət maraqlarını təmin etmək üçün öz vasitəsi ilə görüşün keçirilməsini istəyəcək. Avropa İttifaqı da eyni qaydada. Ona görə də daha münasibi vasitəçilər olmadan tərəflərin özlərinin birbaşa danışıqlar aparmasıdır. Amma zaman-zaman Ermənistan bundan yayınıb”.

“Ermənistanın siyasətində sözdən başqa heç nə yoxdur”

Politoloq Zaur İbrahimli də bildirdi ki, Azərbaycan üçün ən əlverişli platforma nəticə əldə olunan platformadır: “Diplomatik səylərin təhlili göstərir ki, rəsmi Bakı platformadan asılı olaraq əvvəldən irəli sürdüyü baza şərtləri çərçivəsində hərəkət edir. Əsas məsələ platformadan, vasitəçilərdən asılı olaraq Ermənistanın bu şərtlər daxilində sülh sazişinə imza atmasıdır. Sülh sazişinə imza atdıqdan sonra digər məsələlər öz həllini tapa bilər. Bu vaxta qədər biz Ermənistanın siyasətində sözdən başqa heç nə görmürük. Faktiki olaraq, işğal edilmiş bir neçə rayonun boşaldılmasından başqa 10 noyabr bəyanatı ilə müəyyən edilən öhdəliklərin heç biri yerinə yetirilməyib. Bəyanata əsasən, Ermənistan ilk növbədə Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni silahlı dəstələrini çıxarmalı idi. Amma son hadisələr də göstərdi ki, əksinə, Ermənistan tərəfindən silahlı qüvvələrin hərbi təchizatı həyata keçirilir. Bu, qəbuledilməzdir, Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir. Növbəti ən vacib məsələ regional kommunikasiyaların açılmasıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törətməməlidir. Əgər Ermənistan doğrudan da bu dəhlizin, belə deyək, milli suverenlik prinsipini əsas götürərək həyata keçirilməsini istəyirsə, eyni prinsip Laçın yoluna da tətbiq olunmalıdır. Yəni Zəngəzur dəhlizinin statusu ilə Laçın yolunun statusu fərqlənə bilməz”.

“Azərbaycan sülh danışıqlarına sadiqdir”

Z.İbrahimli qeyd etdi ki, Ermənistan qeyri-konstruktiv yanaşmasından əl çəkməlidir: “Azərbaycan irəli sürülən şərtlər daxilində istər Moskvada, istər Vaşinqtonda və Brüsseldə danışıqlar aparmağa hazırdır. Azərbaycan sülh danışıqlarına sadiqdir. Lakin Ermənistanın son addımları və Paşinyanın verdiyi açıqlamalar iki il müddətinə əldə edilmiş ilkin razılaşmaları belə, sual altında qoyur və diplomatiyanın imkanlarını tükədir. Ermənistan 2016-cı və 2018-ci illərdə olduğu kimi diplomatik masadan qaçır və beynəlxalq vasitəçilərin arxasında gizlənməyə çalışır. Yada salmaq yerinə düşər ki, ötən ilin sonlarında Vaşinqtondan sülh sazişinin imzalanacağı ilə bağlı tez-tez açıqlamalar səslənirdi. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi bunu mümkün etmədi. Biz indi də görürük ki, sülhün əldə olunmasında vasitəçi kimi həm Vaşinqton, həm Moskva fəallaşıb. Prinsip etibarilə, Azərbaycan üçün əsas məsələ nəticə əldə olunan platformadır. Əgər hər hansı bir beynəlxalq vasitəçi Azərbaycanın sürdüyü şərtlər daxilində Ermənistanı sülh sazişinin imzalanmasına yaxınlaşdıra biləcəksə, bu ən məqbul variant olacaq. Düşünürəm ki, Azərbaycanın hər hansı bir platforma seçməsi ilə bağlı bir seçimi olduğunu irəli sürmək yanlış olardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir