Dünya

Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirilib – FOTO

Sharing is caring!


Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.

Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Güney Azərbaycandan olan soydaşlarımızın da qatıldıqları tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ottava və Monreal şəhərlərində geniş məlumatlandırma kampaniyası apardıqlarına və aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması, postmüharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyətinə, Torontoda Azərbaycan Evinin açıldığına diqqəti cəlb edib.

Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Tədbir Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışının nümayişi ilə davam edib.   

Görüşdə çıxış edən icma üzvləri Torontoda Azərbaycan Evinin fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndirib, bu münasibətlə Torontodakı icmamızı təbrik ediblər. Soydaşlarımızın təşkilatlanması istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qarşıya çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

Tədbirə Diaspor Gənclərinin II və III Yay düşərgələrinin iştirakçıları da qatılıblar.

Qeyd edək ki, Ottava şəhərində “Qarabağ Azərbaycan dili” həftəsonu məktəbi uğurla fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir