Dünya

Rusiya neftinin qiymətinin kəskin azalması dünya bazarındakı digər məhsulları ucuzlaşdıracaq? – AÇIQLAMA

Sharing is caring!

Rusiya neftinin qiyməti kəskin azalıb. Bazarda vəziyyət “Urals” nefti üçün o qədər qəlizləşib ki, bir barelinin qiyməti hətta G7 ölkələrinin tətbiq etdiyi 60 dollar limitindən də aşağıdır. Belə ki, hazırda Şimal dənizində hasil olunan “Brent” markalı neftin bir bareli 79,24 dollara satıldığı halda, Primorsk limanında “Urals” neftinin bir bareli 38 dollar civarındadır. Mövcud vəziyyət isə Rusiyanın Çin və Hindistandan asılılığını artırır. 

Məsələni Oxu.Az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, Rusiya nefti ilə “Brent” markalı neft arasında bu qədər böyük fərqin yaranmasının əsas səbəbi dekabrın 5-dən Rusiya neftinə qarşı tətbiq olunan yeni qadağaların qüvvəyə minməsidir:

“Yeni qadağalar nədən ibarətdir? Birincisi, artıq Rusiya neftinin satışında yuxarı hədd anlayışı var, qiymət 60 dollardan yuxarı ola bilməz. İkincisi, Rusiya neftinin tankerlərlə daşınmasıyla bağlı sığorta məsələləri mürəkkəbləşdirilib. Bunun nəticəsi olaraq Avropa, Qərb – bir sözlə, sanksiyalara qoşulan ölkələrin tankerlərilə Rusiya neftinin daşınması mümkünsüzdür. Beləliklə, faktiki olaraq Qərb bazarı Rusiya nefti üçün bağlıdır, Rusiya malını orada sata bilməz”.

Müsahibimiz mövcud Almaniya faktorunu da diqqətə çatdırıb:

“Almaniya artıq elan elədi ki, Rusiyadan neft idxalını sıfır səviyyəsinə salır. Ona görə də artıq Rusiya özünə dost olan ölkələrin bayrağı altındakı tankerlərlə nefti Şərq bazarına daşıyır. Alıcılar isə bu xərcləri qiymətin içərisinə daxil edirlər. Yəni Rusiya onun qarşılığını özü ödəyir. Bu səbəblərlə əlaqədar yerində neft qiyməti 40 dollardan aşağı səviyyədədir. Məsafə artdıqca, nəqliyyat xərcləri də artır ki, dəyişən heç nə olmur”.

Rusiya neftinin bu qədər ucuz olmasının dünyadakı digər markalı, xüsusilə də Azərbaycan neftinin qiymətlərinə təsir edib-etməməsinə gəldikdə isə həmsöhbətimiz bildirib ki, prosesin təsirsiz ötüşməsi mümkünsüzdür:

“Təsiri ondan ibarətdir ki, Yaxın Şərqdən Çin və Hindistana gedən neft azalır və onlar Qərb bazarlarına üz tuturlar. Bazarda bolluq yaranır və neft artıq 80 dollardan ucuz satılır”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir