Cəmiyyət

Soyuqlar başlayır: Azərbaycan qışa hazırdırmı? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Yeni ilin ilk günləri havalar nisbətən isti keçsə də, artıq soyumağa başlayıb. Eləcə də, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi barədə proqnoz verilib. 

Belə olan təqdirdə respublikamızda aidiyyəti qurumların qış aylarında əhalinin qarşılaşdığı problemləri həll etmək və ya qabaqlayıcı tədbirlər görmək məqsədilə hansı addımları atdığı maraq doğurur. Xüsusilə də işıq, qaz, su və yollarla bağlı vəziyyət nə yerdədir?

Oxu.Az-ın əməkdaşı “qışa hazırsınızmı?” sualı ilə yerli qurumlara müraciət edib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Hazırlıqla bağlı öncədən komissiya yaradılıb, elektrik şəbəkələri üzrə tədbirlər planı tərtib olunub. 2 500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6 500 km-ə yaxın elektrik verilişi xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq Bakıda və regionlarda 100 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib. Ölkə üzrə bütün elektrik şəbəkələri qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın-mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə müraciət etsinlər”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyir ki, təmsil etdiyi qurum oktyabr ayından qışa hazırlıq proseslərinə start verib:

“Maşın mexanizmləri, duz ehtiyatı, yanacaq və sürtkü ehtiyatının toplanması və s. tam şəkildə həyata keçirilib. Amma bu o demək deyil ki, sərt hava şəraitində yollarda heç bir problem olmayacaq. Bunu demək qeyri-mümkündür. Qar yağırsa, şaxtalı hava müşahidə edilirsə, problemlərin olması qaçılmazdır. Lakin biz maksimum çalışırıq ki, problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirək. Burada sürücülərimiz də hazırlıqlı olmalıdırlar: nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətə gətirməli, yollara yay şinləri ilə deyil, qış şinləri ilə çıxmalıdırlar. Çünki yay şinləri ilə dağlıq ərazilərə, region yollarına üz tutmaq onlara problem yaradacaq.

Bu, bizim gördüyümüz tədbirlərdən asılı olmayaraq belə olacaq. Eyni zamanda, bir nəqliyyat vasitəsinin üzləşdiyi problem yollarda digər hərəkət iştirakçılarına, eləcə də agentliyin maşınlarının, mexanizmlərinin zəruri olan ərazilərə gedişinə maneə yarada bilər”.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, qış rejiminə keçid prosesi çoxdan başlayıb:

“İlin bütün fəsillərində qışa hazırlıq prosesi üçün müəyyən mənada işlər görülür. Bu müddət ərzində soyuq havalar üçün əhalinin təbii qaz ilə təmin edilməsində problem yaşanmasın deyə bütün tədbirlər həyata keçirilir. Tərəfimizdən ikipilləli yoxlama prosesləri həyata keçirilir ki, qışda sızma halları baş verməsin. Yeraltı bir çox boru xətlərinin bir hissəsi yerüstü dayaqlar üzərinə qaldırılıb. Eyni zamanda, korroziyaya uğrayan hissələr yeni borularla əvəz edilib, boyanma prosesi həyata keçirilib.

Lakin fors-major hallar, təbii fəlakətlər nəticəsində müəyyən hadisələr baş verə bilər. Həmçinin, atomobillərin qaz xətlərinə toxunması səbəbindən müəyyən problem baş verə bilir ki, bu da lokal xarakterli sayılır. Əməkdaşlarımız qış mövzümündə də gücləndirilmiş iş rejimində çalışırlar. Çağrı mərkəzimiz 24 saat əhalinin zənglərinə operativ qaydada cavab verir və problemin qısa zamanda həll olunması üçün zəruri addımlar atır. “Azəriqaz” İB bütün fors-major hallara hazırlıqlıdır. Birliyimiz tərəfindən bu problemlərin qısa zamanda da olmasa, maksimum tez həll edilməsi üçün addımlar atılacaq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, qurumun bütün texniki qurğuları əhalini içməli su ilə təmin etmək üçün hazır vəziyyətdədir:

“İçməli su ilə yanaşı, su-nasos stansiyaları, kollektorlar, anbarlar, magistral xətlər işlək vəziyyətdədir. Şaxtalı günlərdə daha çox sayğacların donması, fərdi həyət evlərində vətəndaşlar tərəfindən yaradılan su xətlərində donma halları olur. Əhaliyə müraciət edirik ki, özləri tərəfindən çəkilən su xətləri donmasın deyə tədbir görsünlər. Yerüstü istər polad, istər digər xətləri xüsusi izolyasiya etsinlər ki, donma halları baş verməsin. Eləcə də sayğacların donmaması üçün gecə saatlarında giriş vintilini bağlayıb, çıxış vintilini açıq qoysunlar. Sayğacın içərisində su qalarsa, dona bilər”.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı qeyd edib ki, respublikanın 60-dan çox rayon və şəhərində qazanxanalar mövcuddur:

“Yaşayış və qeyri-yaşayış obyektlərini istiliklə təchiz edirik. Qurum olaraq payış-qış mövsümünə ciddi hazırlıq prosesləri həyata keçirilib. Cari və təmirə ehtiyac olan hissələrdə əsaslı bərpa işləri aparılıb. 20 mindən çox müxtəlif mühəndislik avadanlıqları, texnikaları baxışdan keçirilib. Qazanxanaların təxminən 80 faizi yeni tipli, 20 faizi köhnə tiplidir. Hər hansı problem yaranan zaman əməkdaşlar tərəfindən tədbir görülür və problem öz həllini tapır. Soyuq havalarda Çağrı Mərkəzimizə, eləcə də sosial şəbəkə üzərindən müraciət edən vətəndaşların şikayətinə operativ qaydada baxılacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir