Cəmiyyət

Yalanla yaşamaq həqiqəti unutmaq deməkdir…

Sharing is caring!

 Qan Turalı yazır…

Lap əvvəl zamanlarda filosoflar, yazıçılar insanların xoşbəxt gələcəyini tərənnüm edən əsərlər yazar və bunlara da “utopiya” adı verilərdilər. Platonun “Dövlət”i bu sahədə ən görkəmli əsərlərdən biridir. Həmçinin Tomas Morun “Utopiya”sı, Tommazzo Kompanellanın “Günəş şəhəri”, eləcə də Frensis Bekonun “Atlantis”i… 

Ümidlər böyük, xəyallar güclü, arzular dərin idi. İnsanlar çox daha xoşbəxt bir gələcəkdə yaşayacaqlarını düşünürdülər. Əslində, o kitablardakı kimi olmasa da Yer kürəsində xoşbəxt bir gələcək quruldu. Yəni, bu utopiyaların yazıldığı dövrlərdən dönüb indiyə baxdıqda təhsilin, səhiyyənin, elmin son dərəcə böyük bir inkişaf yolu keçdiyini görmək olur. 

Ancaq XX əsrdə antiutopik əsərlər (distopiyalar) yazılmağa başlandı. Əvvəlcə, Zamyatın “Biz” romanını yazdı. Ən məşhur nümunələr yenə Bekon və Morun ölkəsindən – İngiltərədən çıxdı. Oruelin “1984”ü və Hakslinin “Cəsur, yeni dünya”sı… Elə ən məşhur antiutopik serial da Dumanlı Albionda yarandı. Söhbət “Qara güzgü” (Black mirror) serialından gedir.

Türklərin istehsal etdiyi “Netflix” serialı olan “Sıcak kafa” onlarla antiutopiya serialından biridir, ancaq türklər üçün bir ilkdir. Afşin Kumun eyniadlı romanı əsasında çəkilən bu serial bir çox cəhətlər üzrə maraq doğurur.

Romanda hadisələr qorxunc bir pandemiyanın 8-ci ilində başlayır. ARDS adlanan bu xəstəlik ünsiyyət vasitəsi ilə yayılır və xəstəliyə yoluxan insanlar dəli olur. Pandemiya ilə mübarizə idarəsi isə ölkədə hakimiyyəti ələ keçirir. 

Sağlam insanlar xəstələrdən (onları “abuk” adlandırırlar, “gic” kimi tərcümə etmək olar)  qorunmaq üçün qulaqlıq taxırlar. Çünki xəstədən adi bir cümləni eşitmək belə sağlam insanın ağlını başından çıxarır. İndi, o xəstə də sağlam insanlar üçün bir təhlükədir.

Serialın baş qəhrəmanı isə  xəstəliyə qarşı immunitet qazanmış dilçi Murad Siyavuşdur. Pandemiya ilə mübarizə qurumu da, onlara müxaliflik edən gizli təşkilat da onu axtarır. Serialın süjetini yazmayacağam, məzmunla bağlı bu qədər kifayətdir. 

Kitabını da oxuduğum serial əslində elə digər antiutopik əsərlər kimi bizə gerçəkliyi xatırladır. Cəmi 2-3 il əvvəl biz də “maskalanmamışdıqmı”? Hər cür ünsiyyət rəsmən qadağan edilməmişdimi? Sosial məsafə sözü həyatımıza daxil olmamışdımı? Pandemiyadan sonra “yeni normallıq”dan danışmırdıqmı? Hökumətlərin, həkimlərin qərarı ilə bütün dünya əhalisi öz evlərinə qapanmamışdılarmı?

Həm kitab, həm də serial təbii şəkildə daha qorxunc və dəhşətli bir vəziyyəti təsvir edir: “Dəliliy”i. Heç bir zaman müalicə edilə bilməyən bu xəstəlik nəticəsində bəşəriyyət öz ruhi sağlamlığını itirmək təhlükəsi qarşısında dayanıb. Nicat yolu isə görünmür. Əslində isə pandemiya ilə mübarizə təşkilatı heç nicat yolunu axtarmır da. İnsanları bu formada idarə etmək onlara daha cəlbedici görünür. 

Eynilə pandemiya kimi bu dəlilik də müasir dövrün şərtləri daxilində ağlasığmaz görünmür. Sosial medianın inkişafı sayəsində insanlara axmaqlıq, bayağılıq və ucuzluq yoluxmayıbmı? Nadanlıqdan yoluxucu bir şey varmı? 

“Post truth” dövründə yaşayırıq. İnsanlar hər cür yalan informasiyaya həqiqətdən daha çox inanırlar. Yalan xəbərlər, saxta informasiyalar cövlan edir. Həqiqəti tapmaq, onu göstərmək, həqiqətə inanmaq çox az insanı maraqlandırır. ABŞ tarixində ilk dəfə uduzmuş prezidentin tərəfdarları “seçkini Çin Kommunist Partiyası keçirib” deyə Konqres binasını zəbt etmədilərmi? Ya elə bu günlərdə eyni hadisə Braziliyada yaşanmadımı? 

İnsanlar yalana heç bir dövrdə bu qədər çox inanmayıblar. Yalan heç bir dövrdə bu qədər yoluxucu olmayıb. “Yalan ayaq tutar, amma yeriməz” məsəli heç bir dövrdə indiki qədərə əsassız görünməyib. 

“Post Truth” ifadəsinin “həqiqətdən sonrakı” kimi tərcüməsi sətri tərcümədir. Onun mahiyyəti həqiqətin dəyərsizləşməsidir, həqiqətin heç kimə lazım olmamasıdır. Yalanlar həqiqətlə mübarizədə indi çox güclü görünürlər. Və yalanlar yoluxucudur… 

“Sıcak kafa” da yoluxucu yalanların gözəl bir ifşası, gerçəkliyin parlaq şəkildə etiraf və ifşa edilməsidir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir