Dünya

Nikolay Kulbaka: “ABŞ-nin OPEC+ ölkələrinə təzyiq etmək imkanları azdır” – MÜSAHİBƏ

Sharing is caring!

Amerika Birləşmiş Ştatlarının strateji neft ehtiyatı, demək olar ki, yarıya qədər azalıb. Bunu bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden açıqlayıb. İndi ABŞ-nin ehtiyatında 400 milyon barel neft qalıb. Görünür, OPEC+-un neft hasilatını azaltmaq qərarından narazı olan və Səudiyyə Ərəbistanını Rusiya ilə əlbir olmaqda ittiham edən Vaşinqtonun davam edən qəzəbli ritorikasının səbəbi məhz bu məqamla bağlıdır. Baxmayaraq ki, bütün OPEC+ ölkələri neft hasilatının azaldılması ilə razılaşdılar.

ABŞ Prezidenti Co Bayden artıq Səudiyyə Ərəbistanını OPEC+-un verdiyi qərarın doğuracağı nəticələrə görə hədələyib. Ağ Ev rəhbəri açıq şəkildə bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə yenidən baxıla bilər. Öz növbəsində Türkiyə Mövlud Çavuşoğlunun dili ilə ABŞ-ni Səudiyyə Ərəbistanını qorxutmağa son qoymağa çağırıb.

Nüfuzlu “Bloomberg” nəşrinin yazdığı daha bir mühüm nüans ondan ibarətdir ki, ABŞ neft hasilatını azaltdığına görə OPEC+-u (təkcə Səudiyyə Ərəbistanını deyil) cəzalandırmağa cəhd edə bilər. Məlum olduğu kimi, Azərbaycan da OPEC+-un üzvüdür.

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Oxu.Aza müsahibəsində OPEC+ və neft hasilatı ətrafında cərəyan edən hadisələri şərh edib.

– ABŞ Səudiyyə Ərəbistanını Rusiya ilə OPEC+ çərçivəsində əlbir olmaqda ittiham edir, bu ölkəni müəyyən fəsadlarla hədələyir. Baxmayaraq ki, neft hasilatının səviyyəsinin azaldılmasını təşkilatda təmsil olunan bütün ölkələr təsdiqləyiblər. Verilən bu qərar OPEC+ üzvü olan digər ölkələri necə, hansısa formada təhdid edə bilərmi?

– Prinsipcə, hədələyə bilərlər, amma dolayı yolla. Bazar vasitəsilə çox da əhəmiyyətli olmayan bəzi təsirlərdən danışa bilərik. ABŞ-nin həyata keçirəcəyi əks-tədbirlər Səudiyyə Ərəbistanına təsir edə bilər, lakin bu hərəkətlərin neft bazarına təsiri az əhəmiyyətli, OPEC+ ölkələrinə isə daha az əhəmiyyətli olacaq.

– Bəs ABŞ-nin ümumilikdə OPEC+-a, xüsusən də Səudiyyə Ərəbistanına təsir etmək üçün hansı mexanizmləri var?

– ABŞ-nin bununla bağlı çox böyük imkanları yoxdur. Bəzi birgə layihələrin, digər maliyyə əlaqələrinin maliyyələşdirilməsinin azaldılmasından danışmaq olar. Amma yəqin ki, ABŞ-nin ciddi təsiri olmayacaq. Xüsusilə neftlə bağlı heç bir məhdudiyyətin olacağını gözləməyə dəyməz. Vaşinqtonun “nəticə”lərlə bağlı bəyanatları, çox güman ki, reallıqdan daha emosional idi.

– Vəziyyət qəribədir, çünki ABŞ və Kanada özləri neft hasil edirlər. Niyə özləri neft hasilatını artırmırlar?

– Məsələ ondan ibarətdir ki, bu ölkələrdə bazar iqtisadiyyatıdır və belə olan təqdirdə neft hasilatının həcmi ABŞ prezidentindən asılı deyil. Bu, sadəcə şirkətlərin məşğul olduğu biznes sahəsidir. Ağ Evin rəhbəri Amerika istehsalçılarına neft hasilatını artırmaq və ya azaltmaq barədə əmr verə bilməz, bu, onun səlahiyyətləri daxilində deyil.

– Co Bayden ABŞ-də olan şirkətlərə göstəriş verə bilmir, amma nədənsə o, OPEC-ə neft hasilatının artırılması ilə bağlı tələblər irəli sürür…

– Bunlar fərqli şeylərdir. Səudiyyə Ərəbistanı kimi ölkələrdə istehsalın səviyyəsi ilə bağlı qərar dövlət rəhbərliyi səviyyəsində verilir. ABŞ-də bu mümkün deyil. Ancaq bir daha təkrar edirəm, düşünürəm ki, bunlar Co Baydenin emosional bəyanatları idi və bu təhdidlərin reallaşacağı məlum deyil. Ola bilər ki, heç bir əks-tədbir görülməsin, mən buna təəccüblənmərəm.

– Daha bir müşahidə: OPEC+ neft hasilatının kvotalarını azaltdıqdan sonra Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dayandırmaq ideyasının əsas dəstəkçilərindən biri ABŞ senatoru, Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendes olub. Bu şəxs bizim ictimaiyyətdə islamofob və türkofob kimi çox məşhurdur…

– Mən belə deyəcəyəm: Konqresmenlərin heç biri təkbaşına istədiyi qərarı qəbul etdirə bilməz. Onun səsləndirdiyi təkliflər heç də o demək deyil ki, məsələ hansısa konkret qərarların verilməsi ilə bitəcək. Mən onun dediklərinə əhəmiyyət verməzdim. ABŞ-də qanunvericilərin təşəbbüslərinə baxsanız, görərsiniz ki, onların 90%-i təsdiq edilmir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir