Cəmiyyət

Dünyəvi varlığımızdan qaçmaq imkanı verən canlılar: Sürət, dözüm və gücün təbiətdəki əksi – REPORTAJ + FOTO

Sharing is caring!

Əlində olan hər şeyi xidmətimizə təqdim edir – sürət, dözüm, güc… Lakin yenə də vəhşi ruhunu heç vaxt tərk etmir. Əfsanələrin qəhrəmanı, hökmdarların və fatehlərin qüruru, sivilizasiyaların onurğa sütunu. Tarix onun torpaqlara dəyən dırnaqları ilə yazılıb və bu gün belə, göz qamaşdıran gözəlliyi ilə ürəkləri fəth edə bilir. 

Oxu.Az atlarla bağlı reportajını təqdim edir:

Onu ram etmək çətindir, lakin bir dəfə ruhuna toxuna bilsəniz və sizi özünə yaxın buraxsa, ən yaxın, ən sadiq dostunuza çevriləcək. Bir zamanlar kişilər üçün qürur mənbəyi hesab edilən bu canlılara maraq indi də azalmayıb, əksinə, onların qiyməti, dəyəri daha da artıb. 

Azərbaycanın mədəni tarixində atların xüsusi yeri var. Saf qanlı “Qarabağ”, “Dilbaz” kimi atlar bizim mədəni irsimiz hesab edilir və qiymətsizdir. 

Hazırda olduğumuz məkanda 60-a yaxın cins at var. “Qarabağ”, “Dilbaz”, ərəb və ingilis atları gözəllikləri ilə insanı məst edir. Həddən artıq həssas canlılar olduğunu qeyd etmişdik, tanımadığı insan ona yaxınlaşanda ürküb uzaqlaşmağa çalışır. Atlar ürkək olduqları qədər də təhlükəlidirlər. Onları narahat edə biləcək ani hərəkətiniz xoş olmayan sonluqla nəticələnə bilər. 

Atlar haqqında daha maraqlı bir məlumat əldə edirik. Belə ki, onların qadın ətrinə qarşı xüsusi həssaslığı var. Elə qadınların da bu canlıya qarşı sevgisini inkar etmək olmaz. 

At məşqçisi Emin Atayevlə atlar haqqında söhbət edirik:

“Buradakı atların əksəriyyəti yarış atlarının törəmələridir. Çoxunun ata və anaları çempiondur. Qiymətləri isə genlərinə uyğun formalaşır. Məsələn, ərəb atı olan “Qalius”un qiyməti 50 min dollardır. Digər ərəb atı “Enturac”ın babası “Marşan”ın toxumu isə 40 min avroya satılır ki, bu da dünyada ən baha satılan at mayası hesab oluna bilər. Sürət baxımından ingilis, gözəllik baxımından ərəb atları dünyada liderlik edir. 

Onun sözlərinə görə, atlar hər adamla dostluq edə bilmir: 

“Əgər bir insan insanla dostluq edə bilmirsə, atla da dostluq edə bilməz. Ata baxıb, onunla xüsusi məşğul olsanız, hətta öz adını da mənimsəyir və adını çağıran zaman sizə reaksiya verir”. 

Bu zaman məşqçi “Subutay” adlı bir dayçanı səsləyir və dayça kişnəyərək öz tövləsindən bizə boylanır. Sahibini səsindən tanıyır. Maraqlı və qeyr-adi varlıq olduğunu bir çox xüsusiyyəti ilə elə gözlərimizin önündəcə sübut edir. 

Burada atlar həm yarışlara hazırlanır, həm də doğulan dayçalar arasında gözəlliyi ilə seçilənləri saf qanı tapmaq üçün artırırlar. Demək olar ki, bütün atların saf qanı cəmlənib və onlara xüsusi qayğı göstərilir. 

Atlar maksimum 35 yaşa qədər yaşayır və insan ömrünün bir ili at ömrünün dörd ilinə bərabərdir. 

Azad şəkildə qaçan atdan gözəl çox az şey var. Digəri isə onlarla əlaqə qura bilmək şərəfinə nail olmaqdır. Atla qura biləcəyiniz bağı başqa heç nə ilə müqayisə etmək olmaz və unutmayın, at insanların özləri haqqında xəyallarının əksidir – güclü, azad və gözəl. Eyni zamanda atlar bizə dünyəvi varlığımızdan qaçmaq imkanı verəcək gücə malik tək canlıdır. 

Aysel Aslanqızı
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir