Cəmiyyət

Biabırçı stiqma: Boşanmış qadınlara iş verilməməlidir? – FOTO

Sharing is caring!

Azərbaycanda qadın və kişilərin boşanmasına, ondan sonrakı həyatlarına münasibət eyni deyil. Boşanmış qadınlara qarşı hər zaman ögey münasibət bəslənilib. Onları digər xanımlardan ayırmağa çalışıblar. Məsələ bu günlərdə də aktuallaşıb. Ekspertlərdən biri boşanmış qadınların bağçada işə götürülməməsi ilə bağlı fikir irəli sürüb. 

Maraqlıdır, bu münasibətin səbəbi nədir? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova belə bir təklifin irəli sürülməsini absurd hesab edib:

“Həmin məsələdə psixoloji amillər nəzərdə tutulub. Lakin bu bir stiqmadır. Bu fikrin səslənməsi özü absurddur. Onu da nəzərə alaq ki, boşanma dövründə xanımlar gərgin, emosional vəziyyətdə olurlar. Bu emosionallığı da uşaqlara ötürə bilərlər. Ola bilsin ki, həmin xanımlar psixoloji testdən keçməmiş, psixoloji yardım almamış bağçaya işə götürülüblər. Bu həmin məsələ ilə bağlıdır”.

M.Zeynalova qeyd edib ki, bölgü aparmaq düzgün deyil:

“Ümumiyyətlə, təkcə bağçaya yox, digər iş yerlərinə də aid edilməlidir. Fikrimcə, yalnız qadınlar yox, elə kişilərin özləri də psixoloji testdən keçməlidirlər. Kişilər də boşanırlar və onlar da eyni psixoloji gərginlik yaşaya bilərlər. Onların da həyatında bir gərginlik olur. Ona görə bu problemi cinslərə – qadın və kişilərə bölmək, stiqma yaratmaq olmaz. Bu çox absurd olar. 

Elə boşanmamış qadınlar var ki, daha gərgindirlər. O qədər gərginlik yaşayırlar ki, onu iş yerlərində hamıya ötürürlər. Gərginliklərini, aqressiyalarını hər kəsə ötürə bilirlər. Buna görə bölgü etmək düzgün deyil”.

Jurnalist Rəsmiyyə Aydınqızı sevdiyi şəxslə ailə həyatı qurduqdan sonra ayrıldığını deyib:

“Öz ayaqlarım üstündə dayanan bir xanımam. Müəyyən problemlərə görə evliliyimə son qoydum. Həyatda heç kəs nədənsə sığortalanmayıb. Sevərək ailə həyatı qurmuşdum. Kiminsə məcburiyyəti ilə yox. Lakin tale belə gətirdi. Sevgi, xoşbəxtlik çox az sürdü”. 

R.Aydınqızının sözlərinə görə, qadınlar adlarının ləkələnməsinə izin verməməlidirlər:

“Heç bir qadın həyatda təklikdən, çətinlikdən qorxmamalıdır. Qadınlar bacarmayacaqlarını düşünürlər. Lakin bütün çətinliklərə sinə gərdim. 

Boşanmış xanımlara qarşı cəmiyyətimizdə mənfi fikirlər var. Boşananın əxlaqında qüsur axtarmağa çalışırlar. Boşanmaların başında xəyanət dayanmır. İstərdim ki, hər bir xanım bu həyatda öz yerini tapsın. Heç bir çətinlikdən qorxmasın. Mən bu yolu hələ də təkbaşıma davam edirəm. Öz ayaqlarım üstündə dayanıram. Boşanmışam deyə özümü nəyinsə qurbanına çevirmədim. Qadın boşansa belə, pis yola düşməməlidir. Həmin qadın çalışmalıdır ki, özünü təsdiq etsin, uğura doğru addımlasın”.

Rəsmiyyə Aydınqızı boşanmış xanımları işə götürməməklə bağlı fikrə mənfi münasibət bəslədiyini əlavə edib:

“İnsan hansı məqsədin ardınca gedirsə, ona nail olacaq. Boşanmış xanımları dəstəkləyirəm. Onlara arzu edərdim ki, həyatda özlərini təsdiq etsinlər. Boşanmış xanımları işə götürməməklə bağlı fikrə mənfi münasibət bəsləyirəm. Boşanmış xanımlar yad insanlar deyillər. Onun yaşadıqlarını yaşamamış qınamaq düzgün deyil. Heç kəs xoşbəxtlikdən ailəsini dağıtmaz”. 

Qeyd edək ki, bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir