Cəmiyyət

Siğə

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Siğə anlayışının ən çox yayıldığı yer İrandır. Mənası isə müvəqqəti nikah anlamını verir. Siğə üç saatdan başlayaraq, üç aya kimi uzana bilər, baxır insanların arzusuna. 

Mən gözümü açandan bir siğə nümunəsi tanıyıram ki, 30 ildir qüvvədədir. İran Ermənistan siğəsi. 30 ildir bir yerdədilər, di gəl ki, gözləri doymur. Hələ də eşq-məhəbbət yaşayırlar. Bir şey olan kimi də İran özünü verir qabağa ki, Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xətdir. 

Azərbaycanda bu sevgini görən və anlayan kəslər olsa da, xeyli sayda adam var ki, İrandakı saqqallı mollalara “ağam” deyir. Bəziləri lap dərinə gedib “ağanın itiyik” partiyasını qurub, ağalarına sitayiş edirlər. Təbii ki, bu çox qan qaraldıcı faktdır. Buna ən gözəl nümunə Azərbaycanda Süleymaninin ölümündə özünü zəncirlə vuran,  özünü parça-tikə edənlərdir. Dədəsinə yas tutmayıb, Süleymani üçün yas tutanlardan heç biri anlamadı ki, Süleymani İran ordusunun generalı idi. Bir gün əmr alanda Azərbaycana da hücum edib, qılıncdan keçirəcəkdi hamını. Hipotetik olsa da, bu belədir.

Niyə bu qədər əminəm?

Dünən Ayətullah Xamenei Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirəndən həmən sonra bir tvit atdı. 

“#Karabağ’ın Azerbaycan’a geri dönüşünden mutluluk duyuyoruz. Elbette (işin içinde) İran-Ermenistan sınırını bloke etme politikası varsa İslam Cumhuriyeti buna karşı çıkacaktır, çünkü bu sınır binlerce yıllık bir iletişim yoludur”. 

Birincisi, Qarabağ geri dönməyib, geri almışıq. Dünən də Ağalı kəndinə 30 ildən sonra “Böyük Qayıdış” başladı. Malımızı-mülkümüzü yığıb qayıtdıq evimizə. 

İkincisi Azərbaycanın İranla 765 kilometrlik dövlət sərhədinin 132 kilometri 27 il işğal altında olub. Amma İranın dini lideri heç vaxt bundan narahatlığını ifadə eləməyib. Bu gün isə üzünü cırır ki, minillik əlaqəmiz var. 30 illik siğə oldu minillik əlaqə. 

Üçüncüsü, ermənilər cəmi 100 ildir ki, Qafqaza süni şəkildə yerləşdirilib. Dünənə kimi İrəvanda İrəvan xanlığı olub. Əhalisi də türk olub, müsəlman olub. 

Dördüncüsü, 30 il erməni işğalı altında olan ərazilərimizdə yüzlərlə məscid dağıdıldı, məhv olundu, tövləyə çevrildi, İran-islam qardaşlarımız səsini çıxartmadılar. Minlərlə azərbaycanlıların məzarı ermənilər tərəfindən alçaldıldı, qarət və məhv olundu, yenə də iranlı müsəlman qardaşlarımız səsini çıxartmadılar. 

Minlərlə azərbaycanlı qadın-qızlar ermənilər tərəfindən təcavüzə məruz qaldı, əsirlikdə min əzablar gətirildi başlarına, öldürüldülər, yenə də iranlı müsəlman qardaşlarımız səsini çıxartmadılar.

Minlərlə azərbaycanlı körpə ermənilər tərəfindən öldürüldü, şikəst olundu. Yenə də iranlı müsəlman qardaşlarımız səsini çıxartmadılar. 
Özü də bu hadisələr dünən olub, uzaq keçmişdə olmayıb, 30 il ərzində görmüşük hamısını.  

İranın xarici və daxili siyasətində hər zaman Azərbaycana, azərbaycanlılara qarşı bir qisas olub. Başımıza gələn bütün müsibətlərə qarşı bir sevinc hissi olub. 

Heç nə yox, 44 günlük müharibədən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyə bəyanat verdi. Ay Zərif müəllim, deməli 30 il Azərbaycanın ərazi bütövlüyü İran üçün heç nə imiş, eləmi? 

Müharibədən sonra maşın karvanlarını gizlicə Qarabağda müvəqqəti qalan ermənilər üçün bitum, alt paltar, nəşə, plastik məhsullar və s. göndərən İran deyildimi? Peykdən çəkilən foto və videolar var. Bu kimi hallar zamanı hər dəfə Azərbaycanın XİN-i İrana nota verən kimi, saqqalının altında qımışıb siğələdiyi Ermənistanın başına sığal çəkən İran-islam dühalarının siyasətini anlayırıq. Çünki heç kim Azərbaycanı güclü, qüdrətli görmək istəmir.

Bir zamanlar Ağdamın ağ daşlarını, evlərini özülünə kimi söküb aparan elə İran olub. Buna dair külli miqdarda sübutlar var. 

Ali Baş Komandanın dediyi kimi “Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın ora necə girə bilər? Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də”.

Odur ki, tvit atmaqla deyil.

Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini də çox yaxşı bilir. 30 il İranın, Avropanın və digər qüvvələrin “itirilmiş torpaqlarla” barışın demələrinə rəğmən, cənab prezident öz siyasətindən, öz məqsədindən geri dönmədi. Şuşada Azərbaycanın himnini səsləndirdi. Qələbə atəşfəşanlığı isə İrandan da, peykdən də göründü.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir