Cəmiyyət

Meymunçiçəyi daha çox gəmirici heyvanlardan yoluxur: “Limfa vəzilərində böyümə başlayır və…” – ŞƏRH

Sharing is caring!

Artıq bir müddətdir meymunçiçəyi virusunun yayılması səbəbindən əhali arasında ciddi narahatlıq yaranıb. Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma faktlarının aşkarlanması isə bu narahatlığı daha da artırır. 

Belə ki, Türkiyə, İran və Gürcüstanda meymunçiçəyinə yoluxma faktları qeydə alınıb. Rusiyada da meymunçiçəyinə ilk yoluxma faktı artıq təsdiq edilib. Xəstəlik Avropa səfərindən qayıdan vətəndaşda aşkarlanıb.

Azərbaycan bu ölkələrin tam ortasındadır və quru sərhədləri bağlı olsa da, hava yolları açıqdır. Belə olan halda virusun ölkəyə keçmə riski artırmı?

Məsələ ilə bağlı TƏBİB-in infeksion nəzarəti təşkili şöbəsinin koordinatoru Turan İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, immun sistemində zəiflik olan şəxslər digərlərinə nisbətdə virus xəstəliklərinə daha tez yoluxa və daha ağır keçirə bilirlər.

Onun sözlərinə görə, hazırda ölkəmizdə meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb:

“Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb. Protokolun hazırlanmasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssisləri də iştirak ediblər. Bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək SN-in Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib”.

T.İbrahimova onu da əlavə edib ki, Azərbaycanda digər ölkələrdən gətirilmiş meymunçiçəyi şübhələri qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur:

“Meymunçiçəyi tibbə məlum olmayan yeni bir xəstəlik deyil. Qeyd edim ki, ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkarlanıb. Lakin o dövrdən bu yana dünyanın bir çox ölkələrində, əsasən endemik ölkələrdə müxtəlif alovlanmaları müşahidə olunub. Lakin son dövrlərdə ÜST tərəfindən xəstəliyə endemik olmayan dörd regionda meymunçiçəyi xəstəliyinə yoluxma faktları barədə məlumatlar bildirilib”.

“Meymunçiçəyi xəstəliyi əsasən insandan insana və heyvandan insana yoluxur. Xəstəlik daha çox gəmirici heyvanlar vasitəsilə keçir. İnsandan insana isə xəstəlik keçirən şəxsin dəri səthindəki səpki möhtəviyyatı ilə sıx təmas vasitəsi ilə yoluxa bilər. Həmçinin daha az hallarda uzun müddətli tənəffüs kontaktı vasitəsilə də xəstəliyin yoluxması mümkündür. 

Klinik simptomlarına gəldikdə isə əsasən baş, bel ağrıları, bədən hərarətində yüksəlmə müşahidə olunur və digər viral xəstəliklərdən fərqləndirici xüsusiyyəti isə limfa vəzilərində böyümənin olmasıdır. Əl gigiyenasına riayət, həmçinin xəstəliyə yoluxma şübhəsi olan insanla təmasda tibbi maska istifadə edərək qorunmaq mümkündür. Dünyada xəstəliyə qarşı vaksin mövcuddur. Həmçinin keçmiş dövrlərdə tətbiq olunan çiçək vaksininin də xəstəlikdən qoruduğu haqqında məlumatlar var”, – deyə Turan İbrahimova qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir