Cəmiyyət

Özəl klinikada yoxlama zamanı çoxsaylı nöqsanlar aşkarlanıb – VİDEO

Sharing is caring!

“Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.

FHN-dən bildirilib ki, klinikada yoxlama Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilib.

Aşkar olunan nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

– obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

– yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

– binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkopan üzlük materiallarından istifadə edilib;

– insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

– obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

– yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

– təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;

– mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir;

– yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir