Cəmiyyət

Beynəlxalq problemlərə həssas münasibət

Sharing is caring!

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Qlobal Bakı Forumunda Qarabağ regionunun mövcud vəziyyətinə də toxunulib. “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda keçirilən panel iclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Azərbaycanın sülh üçün bir nümunə olduğunu, bu bölgədə sülhün hökm sürməsinin Qarabağ və Şərqi Zəngəzurun inkişafını şərtləndirəcəyini, münaqişənin tam həlli üçün sülh müqaviləsinin imzalanmasının son dərəcə vacibliyini xatırladıb. O, eyni zamanda, barışın möhkəm təməllərə əsaslanılması üçün təkliflərini də diqqətə çatdırıb: “Sülh müqaviləsi Budapeşt Memorandumuna və ya Minsk razılaşmalarına oxşamamalı, dayanıqlı olmalıdır. Tərəflər arasında danışıq getməlidir. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın inteqrasiyası zəruridir. Bu ölkənin müasirləşdirilməsinə töhfə verən layihələr təklif edilməlidir. Ermənistan və Azərbaycan tərəfindən regionun inkişafı üçün əməkdaşlığa üstünlük verilməlidir”. Ötən əsrin sonlarından başlayaraq günümüzə qədər beynəlxalq münasibətlərdə müşahidə olunan bir tendensiya var. Belə ki, artıq beynəlxalq qanunlar güclü dövlətlər tərəfindən onların istədiyi anda pozulur. İndi təhlükəsizliyin qarantı olan həmin sazişlər heç bir dövlətə özünü güvənli hiss etməyə imkan vermir. Bir sözlə, beynəlxalq qanunlar nəinki işləmir, hətta ayaq altına atılır. Beynəlxalq razılaşmalarda ikili standartlar mövcuddur. Hazırda güc hüquqdan üstündür. Belə çətin bir şəraitdə narahatlığın geniş müzakirəsinə böyük ehtiyac yaranıb.
Bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində iddia edir ki, Zəngəzur dəhlizindən heç bir söhbət getmir və 10 noyabr tarixli üçtərəfli bəyanatda yalnız Laçin dəhlizindən bəhs edilir. Halbuki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Elə bu yeni nəqliyyat kommunikasiyaları məhz Zəngəzur dəhlizini özündə ehtiva edir və Ermənistan rəsmi şəkildə üzərinə götürdüyü öhdəliyə müvafiq olaraq sözügedən dəhlizin açılmasını təmin etməlidir.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda deyib.
Ermənistan nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. İndi Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycan Laçin dəhlizini bağlamağa məcbur olacaq. Çünki Azərbaycan dəhlizlərlə bağlı belə disbalansın mövcudluğuna dözmək niyyətində deyil.

Aydın Hüseynov, jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir