Cəmiyyət

Suyuna “peyin cücüsü” daraşdığı iddia edilən Novxanı çimərliyində nə baş verir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Novxanı çimərliyində dənizin böyük bir kanalizasiya hövzəsinə çevrilməsinə dair məlumatlar yayılıb.

Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, kanalizasiya suları dənizə axıdıldığından üfunətdən dayanmaq mümkün deyil.

Bəs bu halda su necə, çimməyə yararlıdırmı? Məsələyə aidiyyəti qurumların da mövqeyini öyrəndik.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Oxu.Az-a açıqlamasında Novxanı çimərliyində kəskin qoxu və dəniz suyunun çirkli olmasına dair məsələyə münasibət bildirib.

O deyib ki, dəniz suyundan nümunələr götürülüb və laborator müayinələr aparılıb:

“Müayinələrin nəticəsi norma çərçivəsindədir. Bu da o deməkdir ki, Novxanı dənizinin suyu çimməyə yararlıdır”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin Mətbuat Xidmətindən bildirilib ki, ərazidə qurum tərəfindən quraşdırılan kollektor mövcuddur:

“2011-2013-cü illərdə sözügedən ərazidə “Azərsu” ASC tərəfindən kollektor tikilib. Novxanı çimərliyində 14 km uzunluğunda Novxanı-Sumqayıt kollektoru hazırda işlək vəziyyətdədir. Tullantı sularını Sumqayıt sutəmizləyici qurğularına ötürür”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirilib ki, şəhərdə dəniz sahillərində təmizliyə riayət olunması məqsədilə təmizlik aksiyaları keçirilir:

“Sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq məqsədi ilə davamlı olaraq təmizlik aksiyaları keçirilir. Dəniz kənarında kəskin qoxu, üfunət iyi müşahidə edilmir. Paralel olaraq sakinlərlə maarifləndirmə işləri aparılır. Bu proses bu gün də davam etdirilir”.

Bəs çimərlik ərazisindən dəniz qumunun daşınması iddiaları nə qədər doğrudur? Güman ki, bu iddialar barədə ən doğru cavabı elə obyekt sahibləri verərlər. Hansı sahibkar obyektinin qarşısından dəniz qumunun daşınmasına razılıq verər?

Ərazidəki istirahət obyektlərindən birinin sahibi Tural Məmmədov Oxu.Az-a açıqlamasında deyir ki, bu günə qədər dəniz qırağından qumun daşınması ilə bağlı heç bir fakt olmayıb:

“Mən və digər sahibkarlar da istəmərik ki, işimizə ziyan gətirilsin. Biz ərazidən qum daşınması ilə bağlı heç bir hal müşahidə etməmişik, ümumiyyətlə, belə bir addıma da heç kim yol verməz. Bura insanların istirahəti üçün nəzərdə tutulub. Hansı restoran sahibi istəyər ki, çimərliyin qarşısından qum daşısınlar? Tam əksinə, biz əraziyə qış mövsümündə öz hesabımıza əlavə torpaq tökmüşük. Suyun səviyyəsi artanda gəlib qumu yuyub apardığı üçün bunu edirik. 

Çimərliyə yaxın ərazidə masalar qoyulması üçün öz hesabımıza belə bir təşəbbüs etmişik. Dənizin suyu çəkilib və bu səbəbdən yosunlar sahilə çıxır. Biz bununla bağlı bir şey edə bilmirik. Lakin ötən mövsüm biz öz hesabımıza işçi qüvvəsi tutub sahilə çıxan yosunları və digər tullantıları təmizləmişdik. Ümumiyyətlə, bizə aid olan ərazinin təmizliyinə düzgün riayət edilir, vaxtı-vaxtında iməcilik işləri aparılır”.

Qeyd edək ki, Novxanı çimərliyində qumun yoxa çıxması, sahili böcəklərin basması barədə jurnalist Əzizə İsmayılova öz “Facebook” profilində paylaşım edib. O qeyd edib ki, dənizin bulanıq, bozarmış, çirkli sarımtıl rəngli suyu, ətrafdakı üfunət iyi adamın ürəyini bulandırır, suda insanın ayağına “peyin cücüsü” deyilən cücülər daraşır, su isə iyrənc vəziyyətdədir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir