Cəmiyyət

Deputatın direktor təyinatları barədə iradlarına RƏSMİ CAVAB

Sharing is caring!

Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev məktəblərdə direktor təyinatlarında şübhəli məqamlarla bağlı iddia ilə çıxış edib.

Belə ki, deputat 210 nömrəli tam orta məktəbə 95 nömrəli tam orta məktəbdə direktor müavini işləmiş Həqiqət Gülalıyevanın, 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi bir ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyevin birbaşa direktor təyin olunmasına irad bildirib.

Etibar Əliyevin sözlərinə görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə də iştirak etməyib.

İctimai Şura isə deputatın iddialarına əsasən Təhsil Nazirliyinə sorğu ünvanlayıb və verilən cavabda sözügedən təyinatların müsabiqə şərtlərinə uyğun olaraq həyata keçirildiyi bildirilib.

Lakin Etibar Əliyev İctimai Şuranın müvafiq cavabını da narazılıqla qarşılayaraq, onları nazirliyin istəyinə uyğun cavab verməkdə və özünün müzakirələrdə iştirakının təmin edilməməsində ittiham edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Bizim.Media-ya verdiyi açıqlamada millət vəkilinin iddialarına aydınlıq gətirib.

Günel Səfərova qeyd edib ki, İctimai Şura Təhsil Nazirliyinin istəyinə uyğun cavab verməyib:

“Nazirliyə bu məsələ ilə bağlı sorğu göndərmişik və verilən açıqlama sorğunun cavabıdır. Məktəb direktorunu təyin etmək, işə götürmək, yaxud işdən çıxarmaq İctimai Şuranın səlahiyyətində deyil. Etibar müəllim narahatlığını ifadə edib, biz də aidiyyəti quruma müraciət etmişik. Biz İctimai Şura olaraq məsələnin daha geniş araşdırılması üçün addımlar atacağıq və sabah iclas keçiriləcək. Etibar müəllimin iştirakı ilə əsas narahatlıqların nədən ibarət olduğunu müzakirə edəcəyik”.

Sədrin sözlərinə görə, İctimai Şura yarandığı gündən hər həftə iclas keçirib və yaranan problemlərlə bağlı Təhsil Nazirliyi müvafiq cavabları verib:

“Başa düşürük ki, təhsil həssas bir sahədir. Lakin İctimai Şuradan təhsil sahəsində köklü islahatlar tələb etmək, yəqin ki, sadəlövhlük olardı. Amma biz istənilən məsələyə, hətta səlahiyyətimizdə olmasa belə, vətəndaşların şikayətlərinin izlənilməsinə nəzarət edirik. İctimai Şura ictimai müzakirə platformasıdır və açığı, sözügedən problem bizim iclaslarımızda daha əvvəl qaldırılmayıb. Sabah keçiriləcək iclasın nəticəsində Etibar müəllimin eyni narahatlıqları daşıdığını görsək, yenə də müvafiq addımları atacağıq”.

Günel Səfərova bildirib ki, açıqlama kimisə qane edə, kimisə etməyə bilər:

“Lakin məlumdur ki, bütün işə qəbul məsələləri Təhsil Nazirliyində elektronlaşdırılıb. Təbii ki, direktorların uzun müddət eyni məktəbdə işləməsi, yerdəyişmə kimi məsələlərdə problemlər var, bunun müəyyən əsasları var. Lakin biz ictimai müzakirədən çəkinmirik. Əgər problem kiminsə hərəkətsizliyindən, kiminsə prosesə mane olmasından, sistemdəki boşluqdan qaynaqlanırsa, biz məsələni araşdırıb, nazirliyə müvafiq müraciəti ünvanlayırıq. Bizdən fərqli olaraq, Etibar müəllim millət vəkilidir və qanunvericilik strukturunu təmsil edir. Onun bu prosesdə töhfəsi məndən daha çox ola bilər. Çünki onun qanunlar təklif etmək səlahiyyəti var”.

Günel Səfərova Etibar Əliyevin sözügedən məsələlərin müzakirəsində iştirak etməməsi ilə bağlı iradına da münasibət bildirib:

“Sorğu Etibar müəllim tərəfindən verilib və sualları qarşı tərəfə biz ötürməliyik. Həm sorğunu vermək, həm də suala cavab vermək doğru deyil. Bu çox sadə bir məntiqdir. İctimai Şura onun tərəfindən qaldırılan məsələyə araşdırıb cavab verməli idi. Əgər Etibar müəllim müzakirələrdə mütləq iştirak etmək istədiyini bildirsə idi, bizim belə bir məhdudlaşdırmamız yoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir