Cəmiyyət

QARABAĞ REGİONU ƏN MÜASİR VƏ İNKİŞAF ETMİŞ ƏRAZİYƏ ÇEVRİLƏCƏK

Sharing is caring!

Prezidentimizin tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə sübut etdilər.
Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Prezident İlham Əliyevin yerli və xarici media nümayədələri üçün keçirdiyi konfransda qeyd etdi ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Qarabağa həyat qayıdacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün infrastruktur yaradılacaq. Yeni inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır.
Prezident bu barədə qətiyyətli fikirlər söylədi. Dövlət başçısı göstərdi ki, Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Törədilmiş cinayətlərə görə Ermənistan, Azərbaycan xalqının cəlladları beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Hazırda qarşıda duran əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri qoyulur. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.
Bəli, İkinci Qarabağ savaşında Qələbənin tarixi əhəmiyyəti çox böyük və möhtəşəmdir. Bizcə bu Zəfər sayəsində ilk növbədə Azərbaycan lider dövlət və söz sahibi kimi mövqelərini daha da möhkəmləndirdi. Ölkəmiz bu yeni reallıqda güc mərkəzi statusunda çıxış etməkdədir. Azərbaycan bu gün güclü regional siyasi faktora çevrilib. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktuallaşdırır. Bunu həm Avropa, həm də Asiyanın böyük dövlətləri etiraf etməkdədirlər. Hər bir ölkə və ya təşkilat Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edir. Bütün bunlar isə özlüyündə ölkəmizin beynəlxalq nüfuzunu bir daha ortaya qoyur.
Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin əsas istiqaməti məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Sərəncamı ilə yaradılmış qurumlar tərəfindən sistemli araşdırmalar aparılır.
Prezident birmənalı olaraq dedi ki, Dağlıq Qarabağ problemi artıq yoxdur. Ölkəmizin rəhbəri tutarlı faktlarla bəyan etdi ki, Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur, burada müxtəlif təyinatlı loqistik layihələrin icra olunması ücün imkanlar genişdir. Füzuli, Laçın, Zəngilan rayonlarında hava limanlarının inşası, bütünlükdə ərazidə iri infrastruktur işlərinin görülməsi çox böyük potensial tələb etsə də, dövlətimiz və insanlarımız bunun öhdəsindən gəlməyə qadirdir.
Möhtərəm Prezidentimiz göstərdi ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətindən ötrü böyük imkanlar vardır. Artıq ərazilərin bir hissəsində işlərin görülməsinə start verilib, 7 min hektardan çox sahəyə payızlıq taxıl əkilib. Yaxın gələcəkdə bölgənin ənənəvi kənd təsərrüfatı sahəsi olan heyvandarlığın ən yüsək səviyyədə təşkili nəzərdə tutulur.
Görüləcək tədbirlər sayəsində Qarabağ alternativ enerji mənbəyinə çevriləcək, burada külək və günəş elektrik stansiyaları tikiləcək, bu sahədə beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Qarabağ “yaşıl enerji zonası” elan edilmişdir.
Biz möhtərəm Prezidentimizin dəmir iradəsinə inanırıq. İnanırıq ki, qarşıda duran çətin və şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək. Bütün potensialın tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.

Rahib Kərimov
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir