Cəmiyyət

TOLERANTLIQ MODELİMİZ DÜNYAYA NÜMUNƏDİR

Sharing is caring!

Yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı Prezident İlham Əliyevin yüksək nüfuzunun təcəssümü kimi yadda qaldı. Bu mətbuat konfransı növbəti dəfə İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətinin təsdiqi oldu. Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətimizin sükanı etibarlı əllərdədir. Onun sülhsevər siyasəti nəinki regionun, hətta planetin bir çox xalqları və dövlətləri üçün nümunədir və əlbəttə, bunun özünün milli kökləri var.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə böyük uğurla davam etdirilən milli siyasət Azərbaycanı müxtəlif millətlərin və xalqların rəngarəng milli və mədəni dəyərlərinin qovuşma məkanı kimi dünyaya tanıtdırıb. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailənin üzvləri kimi, bir Vətənin təəssübkeşləri kimi birgə yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir və tarixi sınaqlardan şərəflə çıxmış indiki tolerantlığımız Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Məhz bu tolerantlığın əsasında duran multikultural dəyərlər, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət sivil Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir.
Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur;
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu kurs İlham Əliyevin Prezidentliyi dövründə multikulturalizmin, dini-mənəvi dəyərlərə münasibətin yeni mərhələdə inkişafına təkan verib. Əsas vacib məqam isə ondan ibarətdir ki, məhz cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə ölkəmizdə yaşayan bütün xalqlara, dinlərə məxsus tarixi abidələr, dini məbədlər qorunur, bərpa edilir, dindarların ixtiyarına verilir.
İndi Azərbaycan, sözün əsl mənasında, sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilib. Bakının böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər bunun nümunəsidir. Bu tədbirlər xalqımızın tolerantlığını, bu sahədə əldə edilən nailiyyətləri bir daha bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev isə dəfələrlə bəyan edib ki, “milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir”. Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumlar Azərbaycanın mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələrinin olduğunu və bu cür tədbirlərin keçirilməsi üçün ən yaxşı məkan olduğunu təsdiq edir.
Təsadüfi deyil ki, Asiya ilə Avropanın arasında yerləşən Azərbaycan birmənalı olaraq şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovşağı, sivilizasiyalararası dialoqun əvəzolunmaz məkanı kimi tanınır. Ölkəmizdə saysız-hesabsız beynəlxalq tədbirlərin, dünya səviyyəli humanitar forumların, idman yarışlarının keçirilməsi məhz tolerantlığımızın, dözümlülüyümüzün və qonaqpərvərliyimizin yaratdığı imkanlar hesabına mümkün olmuşdur. Eyni zamanda, xalqın adət-ənənələrini əks etdirən dini mərasimlərin də sakit və dinc şəraitdə keçməsi bir daha sübut edir ki, tolerantlıq xalqımızın ruhunda, düşüncə tərzindədir və Azərbaycanda mövcud olan tolerantlıq, birgəyaşayış və millətlərarası anlaşma dünyaya bir nümunədir
Prezident İlhamn Əliyev dəfələrlə olduğu kimi, adı çəkilən mətbuat konfransında da qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər. İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsü bərpa olunmalıdır;
Bütün bunlar Azərbaycanın Qarabağı bərpa etmək əzminin və sülhə tərəfdar olmasının təsdiqi olmaqla müharibədən sonrakı reallıqların vacib məqamlarıdır. Bu reallığın müəllifi Azərbaycanı qalib edən Prezident İlham Əliyevdir. Yeni reallıqlar dövrünün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.
Belə hesab edirik ki, cənab İlham Əliyev Azərbaycanın ədaləti təmin etdiyini dünyanın diqqətinə bir daha çatdırdı, bir daha dəqiq dəlillərlə isbat etdi ki, Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır, burada müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Prezidentimizin bu müddəalarını ürəkdən dəstəkləyirik, bu ideyalara hər zaman dəstək verməyə hazırıq.

Ramil İbrahimov
Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir