Cəmiyyət

Hansı halda məhkəmə ər-arvadın ümumi əmlakını qeyri-bərabər bölə bilər? – AÇIQLAMA

Sharing is caring!

“Qanunvericilik ər-arvad arasında ümumi əmlakın bərabər bölünməsini nəzərdə tutsa da, istisna hallar da mövcuddur. Bu, müstəsna hal kimi Ailə Məcəlləsinin 37.2 maddəsi ilə tənzimlənir”. 

Bu barədə Oxu.Az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə suallarımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, maddəyə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ya ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər:

“Məhkəmə prosesində belə bir təcrübə formalaşmışdı ki, nikahın pozulması zamanı uşaq ər və ya arvadın yanında qalırdısa, əmlak bölgüsündə həmin tərəfin payı artıq hesablanırdı. Lakin uzun illərdir, biz bu təcrübədən imtina etmişik. Sadəcə olaraq, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən birinin yanında qalması o valideynin payının artırılması üçün əsas deyil. Burada uşaqların mənafeyinin nəzərə alınması önəmlidir və bu, aliment alınması ilə tənzimlənir. Lakin uşağın sağlamlıq vəziyyəti məhduddursa, bu nəzərə alınaraq əmlak bölgüsündə uşağın qaldığı valideynin pay bölgüsü çox hesablana bilər.

Eyni zamanda, payların qeyri-bərabər bölünməsi ailə üzvlərindən birinin əsassız şəkildə, üzrlü səbəb olmadan gəlir əldə etmədiyi hallarda da tətbiq edilə bilər. Eləcə də, ailə vəsaitinin pis vərdişlərə xərclənməsi halı nəzərə alınaraq əmlak bölgüsü qeyri-bərabər bölünə bilər. Hətta qanun deyir ki, ər və ya arvad ev təsərrüfatı ilə məşğul olur, uşaqlara qulluq etməsi səbəbindən işləmirsə, bu zaman həmin ər-arvad ümumi əmlakda bərabər paya malik hesab olunur. Lakin tərəflərdən biri hüquqlarından sui-istifadə edirsə, ailə təsərrüfatında əldə edilənləri ailə mənafeyinə zidd şəkildə xərcləyirsə, bu zaman əmlak bölgüsü qeyri-bərabər formada aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir