Cəmiyyət

General Əliağa Şıxlinskinin doğum günüdür

Sharing is caring!

Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub.

1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb. 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə “Qızıl qılınc” mükafatına layiq görülüb.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deməyə başlayan Şıxlinski, 1908-ci ildə polkovnik rütbəsinə yüksəlib. 1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” kitabı çap olunub. Bundan əlavə, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.

Əliağa Şıxlinski 1912-ci ildə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə general-mayor rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.

I Dünya müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra general Şıxlinski vətənə qayıdıb və dekabr ayında hərbi nazirin müavini təyin edilib.

1929-cu ildə istefaya çıxan general-leytenant Əliağa Şıxlinski, fəaliyyəti ərzində I-IV dərəcəli Anna, I-III dərəcəli müqəddəs Stanislav, II-IV dərəcəli Vladimir, IV dərəcəli Georgi ordenləri, bir çox medallar, həmçinin Fransanın bir sıra yüksək hərbi ordenləri ilə də təltif olunub.

Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat edib və Yasamal rayonundakı şəhər qəbiristanlığında dəfn olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir