Cəmiyyət

Sosial şəbəkələr gəncləri təhsildən və işdən NECƏ YAYINDIRIR?

Sharing is caring!


Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri tərəfindən maraqlı bir araşdırma aparılıb. Məqsədsə gənclərin məşğulluq vəziyyətini öyrənmək olub. Aparılan araşdırma nəticəsində məlum olub ki, 15-24 yaş arasında olan şəxslərin 20 faizi heç yerdə işləmir və təhsil almır. Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir. 

Bəs, yeniyetmə və gənclər niyə təhsildən, iş həyatından yayınırlar?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan göstəricilər üzrə gəlinən nəticələr mübahisələndirilə bilər:

“Qeyd olunan rəqəmlərdə oxumayanların sayı həqiqəti əks etdirsə də, işləməyənlərin sayı mübahisələndirilə bilər. Çünki təəssüf doğuran hal odur ki, həmin yaş qrupuna daxil olan insanlar da bəzi şəxslər kimi əmək müqaviləsi ilə işləmirlər.

Texnologiyanın inkişafı fonunda bu yaş qrupunda olan insanlar “Z” nəsli sayılırlar. Onlar onlayn əmək fəaliyyəti ilə məşğul olur və bir sıra hallarda vergi ödəmələrindən kənarda qalırlar. Amma əmək fəaliyyəti ilə məşğuldurlar. Əlbəttə, gənclər arasında işsizlik reallığı da var ki, bu, ölkə üzrə ümumi işsizlərin təqribən 11%-ni təşkil edir”.

Sosioloq problemin əsas səbəbini sosial şəbəkələrdə görür:

“Yeniyetmə və gənclərin internet asılılığı və sosial şəbəkə aktivliyi əfsuslar olsun ki, bəzən onların inersiyasına da gətirib çıxarır. Belə ki, internet asılılığı onların enerjisini və vaxtını mənimsəyir. Bu da onların əmək məhsuldarlığı və motivasiyasına təsir edir. Ancaq digər tərəfdən sosial şəbəkə vahidləri üzərindən gəlir əldə edən gənclər də var. 

Çox yaxşı olar ki, əmək bazarına nəzarət edən qurumlar gənclər üçün startap layihələrini, mütəmadi əmək yarmarkalarını, həm paytaxtda, həm də regionlarda həyata keçirsinlər. Eyni zamanda, insanların əmək müqaviləsi əsasında işləməsini təmin etsinlər. Bu, gələcəkdə onların pensiya təminatına kömək etmiş olacaq, həm də qarşılaşa biləcəkləri sığorta hadisəsi zamanı sosial müdafiəsini gücləndirə bilər”. 

Üzeyir Şəfiyev qeyd edib ki, digər məsələ sözügedən yaş qruplarının təhsil məsələsidir:

“Aztəminatlı ailələrdə böyüyən yeniyetmə və gənclər, eləcə də regionlarda uşaq və yeniyetmələrin nəinki peşə və ali təhsilə, bir sıra hallarda orta təhsilə əlçatanlığı yoxdur. Belə ailələr, xüsusilə, regionlarda qız uşaqlarını, əsasən 9-cu sinifdən məktəbdən ayırır, əməyə cəlb edirlər. 

Bəzi “valideynlər” qız uşaqlarına “duz yükü” kimi baxaraq, onları erkən nikaha cəlb edirlər. Beləliklə də təhsildən yayınmış xeyli sayda gənc əmək bazarının tələblərinə uyğun iş tapa bilmir. Təəssüflər olsun ki, belələri bir sıra hallarda hüquqazidd və əxlaqazidd fəaliyyətlə məşğul olurlar. 

Bu baxımdan Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi koordinasiyalı fəaliyyət göstərməli, aztəminatlı ailələrə ünvanlı yardım edilməli, valideynlərlə, uşaqlarla maarifləndirmə işi aparılmalı, əmək bazarının tələblərinə cavab verən peşə və ixtisasların bölgə məktəblərində tanıtımı və təşviqi aparılmalıdır”. 

Həmsöhbətimiz hesab edir ki, 11-ci sinfə qədər təhsil icbari olsa, daha yaxşı olar:

“Bu, uşaqların təhsildən yayınma hallarının qarşısı alar. Sosial çarxlar vasitəsilə potensial təhsildən yayınan yeniyetmələrə və onların valideynlərinə mesajlar ötürülsün”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir