Cəmiyyət

“Müstəqil dövlət quruculuğunda gənclərin üzərinə böyük məsuliyyət düşür” – RƏY + FOTO

Sharing is caring!


“Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr düşür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

O söyləyib ki, gənclər üçün bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır:

“Bizi xalq kimi əsrlər boyu məhz dəyərlərimiz qoruyub. Azərbaycanlılar öz Vətəni yolunda canını fəda etməkdən çəkinməyiblər. Təbii ki, bu vətənpərvərliyin qorunmasında dövlət siyasətinin böyük rolu var. Azərbaycan rəhbərliyi daim Vətənə məhəbbəti təbliğ edib, Vətən yolunda canından keçən qəhrəmanların xatirəsini əziz tutub, onların xidmətlərini yüksək dəyərləndirib. Bu siyasətin bəhrəsini 44 günlük Vətən müharibəsində gördük”.

Deputat xatırladıb ki, 30 il müddətində Azərbaycan xalqı üçün Qarabağın erməni işğalından azad olunmasından vacib iş olmayıb:

“Ona görə də ordu quruculuğu sürətlə aparılırdı, gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, həmçinin, ölkədə ardıcıl olaraq iqtisadi islahatlar həyata keçirilirdi.

İkinci Qarabağ müharibəsində şəhid olanların əksəriyyəti gənclərdir. Onların əksəriyyəti Qarabağı görməmişdi, amma qəlblərində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları zəfərə gedən yolda qəhrəmana çevirdi. Azərbaycan dövlətinin yetişdirdiyi vətənpərvər nəsil regionu separatçılıq və terror bəlasından xilas etdi. Hərbi-vətənpərvərlik ruhunda böyüdülən nəslin yeni zəfərlər qazanacağı şübhəsizdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı gənclərlə bağlı önəmli tövsiyələr verib.

Dövlət başçısı deyib ki, gənclər elə formada tərbiyə olunmalıdırlar ki, milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun:

“Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, – təkcə son 30 il ərzində yox, – torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir