Siyasət

Bakıda “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələr aparılıb – FOTO

Sharing is caring!

Martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən 3-cü panel iclasında “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda müzakirələr aparılıb.

Dünyanı narahat edən problemlərdən bəhs edən moderator diqqətə çatdırıb ki, iqlim dəyişikliyi, ərzaq problemi, nüvə təhlükəsizliyi indi hamını narahat edir. Multilateralizmin yeni yanaşmalar və tərəfdaşlıq tələb etdiyini diqqətə çatdıran İv Löterm bildirib ki, indi əsas məqsəd çoxtərəfliliyə nail olmaqdır. Onun sözlərinə görə, bunun üçün sıfırdan başlamaq lazımdır və bu istiqamətdə əməli işlər görülməlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, multilateralizm Azərbaycanın konsepsiyalarından biridir. Bu, digər ölkələr üçün də vacibdir. Beynəlxalq əlaqələrin institutlaşması üçün əməli işlər görmək lazımdır. Ölkənin hərbi vəziyyətindən asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə, tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə vacibdir.

Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyətindən söz açaraq deyib:

“Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq fundamental əsaslar üzərində işlədi, dünyanı narahat edən qlobal problemlərə diqqət yönəltdi. Biz fəaliyyətimizdə obyektivliyi, dəqiqliyi, şəffaflığı əsas götürdük. Qoşulmama Hərəkatı çərçivəsində multilateralizmi inkişaf etdirdik”.

Hikmət Hacıyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın dünyanın ən böyük problemlərindən biri olan COVID-19 pandemiyası dövründə səsini ucaltdığını, nəticədə həmrəyliyi bərpa etdiyini deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin təklifi ilə bu məsələ BMT-nin Xüsusi Sessiyasında müzakirə olunub. Azərbaycan vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı da səsini ucaltdı və onun səsini beynəlxalq arenada eşitdilər.

Dünyada əks-cəbhə və blokların yaranmasına da toxunan H.Hacıyev pandemiya və digər qlobal məsələlərdə Azərbaycanın səylərini davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmiz dünyanın qlobal çağırışları kontekstində çox fəaldır.

Dünyada artıq yeni eranın başlandığını diqqətə çatdıran BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır BMT-nin fəaliyyətinə toxunaraq qeyd edib:

“BMT bir çox sahələrdə fəaliyyət göstərir. Bu qurumun digər sahələrdə fəaliyyəti uğurlu olsa da, təəssüf ki, bunu siyasi məsələlərin həllində demək mümkün deyil. Bəzi ölkələr Təhlükəsizlik Şurasında qalmaq istəyirlər, bəziləri isə istəmir. Bəzilərinin isə ümumiyyətlə buna ehtiyacı yoxdur. Ölkənin veto hüququ varsa, sözünü Təhlükəsizlik Şurasında deyə bilirlər. Bu imkanlar nəticə verə bilir”.

Volkan Bozkır vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox uğurludur. Çünki Azərbaycan buna öz məsələsi kimi baxır. Əgər hansısa institutun fəaliyyəti uğurludursa, bu, BMT-yə də təsir göstərir. Biz bunu Azərbaycanın simasında gördük.

Çıxışında multilateralizmdən bəhs edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç dünyanın qlobal çağırışları kontekstində BMT-nin fəaliyyətini uğursuz hesab edib. O, hazırda geosiyasi çürümə prosesinin baş verdiyini vurğulayıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın gördüyü işlərdən məmnunluğunu bildirən natiq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Hazırda soyuq müharibə gedir. Bu, çox təhlükəli və çətin prosesdir. Ukraynadakı müharibə səbəbindən bir çox ölkələr ərzaq çatışmazlığı və enerji problemindən əziyyət çəkirlər. Belə vəziyyətdən çıxa bilmək üçün düşünüb əməli addımlar atmaq lazımdır. Bu istiqamətdə yeganə yol sülhün təmin olunmasıdır”, – deyə Boris Tadiç vurğulayıb.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze əməkdaşlıq və regional sabitliyin Gürcüstan və Azərbaycan üçün çox lazım olduğunu deyib. Bildirib ki, hazırkı şərait nəinki region, bütün dünya üçün çox kritikdir. BMT-nin fəaliyyətinə toxunan N.Burcanadze qeyd edib ki, bu qurum müharibə və münaqişələrin qarşısının alınması üçün heç bir səy göstərmir. BMT Baş Assambleyasının vacib platforma olduğunu qeyd edən N.Burcanadze deyib:

“BMT fəaliyyətini səmərəli etməlidir ki, dünyanın çağırışlarına cavab verə bilsin. Eyni zamanda, regional təşkilatlar da fəaliyyətini gücləndirməlidir”.

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç dünyanın yeni toqquşmalarla qarşı-qarşıya olduğunu qeyd edib və düşmən tərəfləri bir araya gətirə bilən vahid qüvvəyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, kompromis üçün digər yanaşmaları sınamaq lazımdır. İnsanların rifahı, sülh və sabitlik naminə bunu etmək vacibdir.

BMT Baş Assambleyasının sabiq Prezidenti, Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç də dünyada vahid gücə ehtiyacın olduğunu təsdiqləyib. O qeyd edib:

“Əgər irəli addımlamaq istəyiriksə, əsas oyunçular arasında lider olmalıdır ki, ümumi razılığa, barışığa gətirə bilsin. Bir-birinə qarşı olan bloklar bir araya gəlməlidir.

Azərbaycanın çox gözəl və nəcib işlərə imza atdığını qeyd edən V.Yeremiç bunun ölkəmizin liderliyinin, dəqiq mövqeyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubis isə çıxışında bildirib ki, ümumi dəyərlər naminə əməkdaşlığı inkişaf etdirmək zəruridir. Bunun üçün bu və ya digər yollar axtarmaq, standartlardan kənara çıxmaq, yeni metod və üsullarla işləmək lazımdır. Vurğulanıb ki, BMT iflic olubsa, Baş Assambleya istəyən ölkələrə siyasi mandat verməlidir. Beynəlxalq institutlar hazırkı mövcud problemlər kontekstində fəaliyyətlərini düzgün qurmalıdırlar.

Sonra çıxış edən BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze multilateralizmin əhəmiyyətinə toxunub, bu məsələdə iki əsas amili qeyd edib. Bildirib ki, multilateralizmdə struktur və təfəkkür obrazı diqqətdə saxlanılmalıdır. BMT-də islahatların aparılmasının vacibliyini vurğulayan David Çixvaidze deyib:

“Ən vacib məsələlərdən biri Ukraynada müharibə başa çatdıqdan sonra necə hərəkət edəcəyimizdir”.

İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri Antonio Zanardi Landi Azərbaycanın uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatından son dövrlərdə tez-tez danışıldığını bildirib. Qeyd edib ki, hansısa işi görmək üçün böyük məsuliyyət və çalışqanlıq tələb olunur. Bu gün dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları yaranması sülhə və sabitliyə təhdiddir. BMT Baş Assambleyası qərarlar verəndə son dərəcə məsuliyyətli olmalıdır. O, Avropanı narahat edən Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir