Cəmiyyət

Heyvanlar öldürülməyəcək, hamı süni ət yeyəcək…

Sharing is caring!


Qan Turalı yazır…

Süni ət mövzusu xüsusən də son aylarda dünya mediasında ən çox müzakirə edilən mövzulardan biridir. Bill Qeyts süni əti “gələcəyin qidası” adlandırır. Ancaq süni ətin əleyhdarları da az deyil. İtaliya parlamenti laboratoriyada hazırlanan hər cür əti qadağan edilməsi ilə bağlı qərar çıxardı. Qadağanı pozanları 60 min avroya qədər cərimə gözləyir. İtalyanlar öz qərarlarını italyan mətbəxini və kənd təsərrüfatını qorumaqla əsaslandırırlar. Halbuki məsələ heç də o qədər sadə deyil.

“Good Food Institute”un (Yaxşı Qida İnstitutu) qurucusu Brus Fridrix təmiz ət adlandırdığı süni ətin heyvandarlığı və əkinçiliyi də dəyişdirəcəyini bildirir: “Biz heyvanları yemləmək üçün həddən artıq çox yem istehsal edirik. Toyuqlara 9 kalorilik yem verir, bunun müqabilində isə cəmi 1 kalorini ət kimi geri ala bilirik. Bu, son dərəcə qeyri-məhsuldar bir yanaşmadır. 2050-ci ildə isə bu, indikindən 70, ya da 200 faiz çox ət istehsal edəcəyik”. 

Fridrix və onunla eyni fikirdə olanlar heyvandarlıq və ona bağlı olan yemçiliyin ekologiyaya böyük zərbə vurduğunu qeyd edərək süni ətin bəşəriyyəti xilas edəcəyini bildirir. Bu ətlər heyvan hüceyrələrindən götürülən nümunələr əsasında hazırlanır və dadını ət dadından fərqləndirmək çətindir. 

Çox böyük əhaliyə sahib olan Hindistan və Çin kimi ölkələrdə süni ət istehsalı və istehlakı xüsusilə aktual görünür. Çünki əhalisi milyardı keçən bu ölkələrin əhalisinin ətlə təchizatı həqiqətən də böyük bir problemdir. 

Süni ətin bəşəriyyətin qida rasionuna daxil olub-olmayacağına qərar vermək çətindir. Bütün dəyişikliklər kimi bu dəyişikliyi də insanların dərhal qəbul etməsinə inanmaq sadəlövhlük olardı. Ancaq aparılan müzakirələrin süni ətə qarşı müqavimətin hələlik çox güclü olduğunu göstərir. Azərbaycanda da süni ətin məmnunluqla qarşılanacağını gözləmək əbəsdir. Bütün bu proses isə söz yox ki, zamanın ixtiyarındadır.

İşin bu tərəfi ilə qida mühəndisləri ilə məşğul olacaqlar. Lakin məsələnin sosial-fəlsəfi də tərəfi var. Bir az da bu tərəfə diqqət edək. Tarixin erkən çağlarında quldarlıq vardı. Hətta quldarlıq ABŞ-də XIX əsrin ortalarına qədər mövcud idi. Ya da feodal təhkimçiliyi. Bu gün bizə quldarlıq və təhkimçilik son dərəcə dəhşətli gəlir. İŞİD yezidiləri bazarda kölə kimi satdıqda bütün bəşəriyyət dəhşətə düşmüşdü. Halbuki, cəmi bir əsr əvvəl qul alveri son dərəcə təbii bir şey idi. Bir sözlə, bəşəriyyətin keçmişi ilə bu gününü müqayisə etdikdə bir zamanlar çox adi, təbii kimi görünən situasiyaların bu gün necə qorxunc və qəddar olduğunu müşahidə etmək çətin deyil. 

Qadınlarla bağlı vəziyyəti də götürə bilərik. Qadınlara səsvermə hüququnun verilməsi prosesi olduqca ağrılı və məşəqqətlə, mübarizələrlə mümkün oldu. Halbuki, bu gün heç kim qadınların səsvermə hüququna şübhə ilə yanaşmır. Hətta, qadın deputatlar, qadın hökumət üzvləri və hökumət başçıları var. 

Eləcə də heyvanların öldürülməsi məsələsi… Bu gündən etibarən heyvanların öldürülməsinə qarşı bir ictimai etiraz dalğası vardır. Bəli, bu dalğa bir az zəif kimi görünə bilər. Ancaq quldarlıq əleyhdarı olan dalğa ilk zamanlarda bundan da zəif idi. Ya da qadınların mübarizəsi… İnsanın ət yemək üçün başqa bir canlını öldürməsi yaxın gələcək üçün son dərəcə dəhşətli görünəcək. Eynilə indi quldarlığın dəhşətli göründüyü kimi… 

Bəli, cəngəllikdə yaşayan, ovçuluqla dolanan, ovçuluq olmadan həyatda qala bilməyən insanların vəziyyəti ilə bizim indiki vəziyyətimiz eyni deyil. Heyvan öldürmək bir zamanlar zərurət idisə artıq bu zərurət demək olar ki, aradan qalxıb. Bu mənada heyvanların qida üçün öldürülməsi ciddi şəkildə mübahisələndirilir. Süni ət müzakirəsi də məhz belə bir fikri palitrada üzə çıxır. Dünya fərqli dinlərin, məzhəblərin, millətlərin və irqlərin birgə yaşadığı bir yerdir. Artıq bu mənzərəyə heyvanlar da daxil olmaqdadır. Bu mənada bir zamanlar qullara, təhkimli kəndlilərə, qadınlara, zəncilərə necə mərhəmət göstərilmişdirsə artıq bu mərhəmət heyvanlara qarşı da göstəriləcək. Süni ətlə bağlı müzakirələrdə məsələnin bu cür sosial-fəlsəfi məqamlarını da nəzərə almaq lazımdır. 

Bəşəriyyəti mərhəmət xilas edəcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir