Cəmiyyət

Yasamalda avtomobillərin səkiləri zəbt etməməsi üçün basdırılan tumbaları kim oğurlayıb? – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonu, Kamal Rəhimov küçəsi, 30 (yeni ünvan Kamal Rəhimov 2-12), Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişmədə yol kənarındakı avtonəqliyyat vasitələrinin səkiləri zəbt etməməsi üçün nəzərdə tutulan tumbaların kəsilməsi ilə bağlı şəkillər paylaşılıb. Bildirilir ki, dəfələrlə basdırılmasına baxmayaraq, bu dəfə tumbaların bir neçəsi birdən sökülüb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib ki, ərazilərə baxış zamanı əksər tumbaların, xüsusən də onların metal başlıqlarının oğurlanması faktları aşkarlanıb.

“Bakı şəhərinin müxtəlif ərazilərində avtonəqliyyat vasitələrinin səkiləri zəbt etməməsi üçün tumbalar quraşdırılır. AYNA əməkdaşlarının bu qurğuların yerləşdirildiyi ərazilərə baxışı zamanı əksər tumbaların, xüsusən də onların metal başlıqlarının oğurlanması faktları aşkarlanıb. Zədələnən tumbaların sayı müəyyən edilir və mərhələli qaydada təmir olunur. Dəymiş ziyan müəyyən edilərək müvafiq sənədləşmə aparılır. Sənədlər hüquq-mühafizə orqanlarına araşdırılması və ölçü götürülməsi üçün göndərilir”, – deyə T.Orucov qeyd edib.

O əlavə edib ki, konkret olaraq qeyd edilən ünvanla bağlı fakt aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına araşdırılması üçün müraciət olunub.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir