Cəmiyyət

Məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür

Sharing is caring!


Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Oxu.Az xatırladır ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 

2010-cu ildəki Şahmat Olimpiadasına yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırıb), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xantı-Mansi şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar. 

Vüqar Həşimov beyində bədxassəli şiş (xərçəng) diaqnozu ilə müalicə aldığı Almaniyanın Haydelberq şəhərindəki klinikada 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.

O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrosmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. Turnir hər il eyni məkanda keçirilir.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Ölümündən sonra – 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən abidə ucaldılıb.

Prezident İlham Əliyev də mərhum qrosmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir