Cəmiyyət

Qurumları çaş-baş qoyan Baş Plan: Bakıda tramvay xətləri hansı ərazilərdə çəkilə bilər? – FOTO

Sharing is caring!


Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması barədə məlumat yayılıb.

Bildirilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda, şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ – dəmiryol şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər.

Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmiryol infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturunun genişlənməsi imkanı yarana bilər.

Bəs Bakı şəhərinin hansı ərazilərndə tramvay xətti ola bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında göstərilən işlər mərhələli şəkildə edilməlidir:

“Çoxmərtəbəli binalar olan yerlərdə tramvay xətlərinin olması mümkün deyil. Hansı ərazilərdə yol  genişdirsə, orada xətlər ola bilər. Sıx yerlərdə isə metrobus layihəsi olacaq. Bu da şəhərin mərkəzi yollarına düşəcək ki, buraya Səbail rayonu daxildir. Eyni zamanda, Bakı Dairəvi Yolunun (Zığ, Lökbatan) tamamlanması da bu illər ərzində nəzərdə tutulub”.

Ekspert vurğulayıb ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında göstərilən bəndlər hamısı yerinə yetirilsə, ictimai nəqliyyata üstünlük verməklə bağlı çətinliklər aradan qalxar:

“Əgər indiki kimi avtomobillərə üstünlük verilsə, getdikcə tıxac daha çox çətinlik yaradacaq. Nə qədər yol çəkilsə, zolaq sayı artsa da, nəticəsi olmayacaq. İctimai nəqliyyatla bağlı problemi həll etməklə tıxacın qarşısını almaq mümkün olacaq”.

Tramvay xətlərinin hansı ərazilərdə çəkiləcəyi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

AYNA-dan məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə saxlamağımız məsləhət görüldü.

Komitədən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qurum şəhərlərin uzunmüddətli perspektiv inkişafını təyin edən Baş Planı hazırlayır və icrasına nəzarət edir:

“Baş Plandan irəli gələn məsələlərin həll edilməsini isə aidiyyəti üzrə müvafiq dövlət qurumları həyata keçirirlər. Ünvanladığınız sualların izahı üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir