Cəmiyyət

Paytaxtda tarixi abidəni avtoyuma etdilər

Sharing is caring!


Bakıda tarixi abidəni avtoyuma məntəqəsinə çeviriblər. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən tarixi abidədə avtoyuma məntəqəsi açılıb. 

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xidmət tərəfindən mütəmadi olaraq ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı monitorinqlər keçirilir:

“Abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinata uyğun olmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür. Aşkar olunan nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb.

Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib.

Ötən il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub və yol verilmiş nöqsanlar aradan qaldırılıb. 

Aparılan monitorinqlər nəticəsində Bülbül prospekti 63 ünvanında yerləşən memarlıq abidəsinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektdə də qeyri-qanuni istifadə faktı aşkar olunub və mülkiyyətçiyə yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir