İdman

Ölkəmizin idmanının uğurlarla zəngin 2023-cü ili – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il Azərbaycan idmanı üçün uğurlu alınıb.

“Report”un məlumatına görə, il ərzində ölkəmizdə ümumilikdə 64 925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub.

Ötən il Azərbaycan 3 dünya çempionatına ev sahibliyi edib. Bakıda taekvondo üzrə 26-cı, atıcılıq üzrə 53-cü və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin idman gimnastikası, bədii gimnastika, şahmat üzrə Dünya Kuboku, “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün idmançılar ölkəmizdə səfərdə olublar.

Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda ümumilikdə 1 472 medal qazanıblar ki, bu da idman tariximizdə rekord göstəricidir. İdmançılarımız Avropa Oyunları, MDB Oyunları kimi mötəbər turnirlərdə qüvvələrini sınayıblar. Əsas millilərlə yanaşı, yeniyetmələr, gənclər və veteranlar da beynəlxalq turnirlərdə uğurlu çıxışlarla yadda qalıblar.

Ancaq istənilən halda bütün diqqətlər əsas yığmaların iştirakı ilə keçirilən yarışlara yönəlir. Azərbaycan idmançılarının 2023-cü ildə ən mötəbər yarışlarda qazandıqları nailiyyətlərə göz gəzdirək.

Yanvar

– İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci Dünya Kubokunu Azərbaycan komandası “Land of Fire” qazanıb. “Land of Fire” 6 komandanın iştirak etdiyi yarışın qalibi olub.

Fevral

– Azərbaycanın sumo güləşçiləri Estoniyanın Vinni şəhərində keçirilən Avropa Kubokunda 3 qızıl, 3 gümüş medal qazanıblar. Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar. Azərbaycan yığması komanda hesabında 1-ci olub.

– Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda gümüş medal qazanıb. Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv yarışda ikinci yeri tutub.

– Bakıda batut gimnastikası üzrə Dünya Kuboku keçirilib. Altıncı dəfə təşkil edilən yarışda Azərbaycan millisinin üzvü Selcan Mahsudova bürünc medal qazanıb.

Mart

– Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

– Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla çıxışda çempion olub.

– Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində baş tutan Avropa çempionatında ikinci yeri tutaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edib.

– Hindistanda keçirilən Dünya Kubokunda Azərbaycan atıcısı Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada gümüş medal qazanıb.

– Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar. İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) gümüş, Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc mükafata yiyələniblər.

Aprel

– Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli Belçikanın Antverpen şəhərində reallaşan Dünya Kubokunda qarışıq hərəkətlər proqramında gümüş medal qazanıblar.

– Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada bürünc medal qazanıb.

– Sambo üzrə Azərbaycan millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb. Mirfəttah Seyidəliyev (64 kq) ikinci, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə üçüncü yeri tutublar.

– Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət Azərbaycan millisi çoxnövçülük proqramında, həmçinin 3 lent və 2 topla hərəkətlərdə iki bürünc medal qazanıb.

– Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş, 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında 2-ci yeri tutub. Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) qitə çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. 2 qızıl, 2 gümüş, 2 bürünc mükafata yiyələnən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) 1-ci, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) 2-ci, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) 3-cü yeri tutublar. Qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüşlə yadda qalıblar. Mariya Stadnik (50 kq) fəxri kürsünün ən yüksək, Jalə Əliyeva (57 kq) isə ikinci pilləsinə yüksəlib.

– Azərbaycanın idman gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda halqalarla hərəkətin icrasında qızıl medal qazanıb.

– Azərbaycan karateçisi Ülvi Məmmədov (+84 kq) Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub. İkinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

– Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında Azərbaycan idmançıları 6 medal qazanıblar. Qaşım Maqomedov və Minayə Əkbərova (hər ikisi “Gilan” İK) qızıl, Səlimə Quliyeva (“Alpman” TK) gümüş, Nicat İsmayılzadə (DGK İSM), Yaşar Məmmədli və Taleh Süleymanov (hər ikisi “Gilan” İK) bürünc medala sahib olublar. Komanda hesabında “Gilan” İK üçüncü yeri tutub.

May

– Özbəkistanın paytaxtı Daşkənddə gerçəkləşən dünya çempionatında Azərbaycan millisinin boksçuları Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medal qazanıb.

– Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda üç lent və iki topla yarışın qalibi olub. Bundan başqa, böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü yeri tutub. Gimnast Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata yiyələnib.

– Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İyun

– Azərbaycanın akrobatika gimnastikası üzrə yığmasının üzvləri Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük çoxnövçülük proqramında qalib olublar.

– Polşada baş tutan şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb. Yekun sıralamada Azərbaycan millisi komanda hesabında üçüncü yeri tutub.

– Azərbaycanın “Port of Baku” badminton komandası İspaniyanın Ovyedo şəhərində keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanaraq, tarixi ilkə imza atıb. Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komanda yarışda üçüncü yeri tutub.

İyul

– Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

Avqust

– Azərbaycan atleti Anna Skidan Macarıstanın paytaxtı Budapeştdə gerçəkləşən atletika üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, çəkicatma üzrə təsnifat mərhələsində bu uğura nail olub.

– Bakıda atıcılıq üzrə dünya çempionatı keçirilib. 25 metr məsafəyə mərkəzə tapançadan atəş növündə Azərbaycan təmsilçilərindən Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş mükafata sahib çıxıb. 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət Azərbaycan millisi isə gümüş medal əldə edib.

– Bakıda şahmat üzrə Dünya Kuboku təşkil olunub. Azərbaycan təmsilçisi Nicat Abasov yarışı 4-cü pillədə tamamlayıb.

– Zöhrə Ağamirova İspaniyanın Valensiya şəhərində təşkil olunan bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışlarında 12-ci yeri tutaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

– Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olub. Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) isə gümüş medala yiyələniblər.

Sentyabr

– Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.

– Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında gümüş medal qazanıb.

– Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Dadaş Dadaşbəyli 3 bürünc medal qazanıb. Atlet birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb. Toplam 403 kq nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutub.

– Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda reallaşan dünya çempionatında tarixi uğura imza atıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medal qazanıblar. Həsrət Cəfərov və Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) dünya ikincisi olublar. Maqomedxan Maqomedov həm də olimpiadaya lisenziya əldə edib.

Oktyabr

– “Murov Az Terminal” çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

– Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə dünya çempionatının gümüş medalını qazanıb.

– Azərbaycan triatlonçusu Rostislav Pevtsov Çinin Çendu şəhərində gerçəkləşən Dünya Kubokunda bürünc medal qazanıb.

– Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1 gümüş, 4 bürünc medal qazanıblar. Malik Həsənov (63,5 kq) ikinci, Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) üçüncü yeri tutublar.

– Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 7 qızıl, 2 gümüş medal qazanıblar.

– Macarıstanın paytaxtı Budapeştdə reallaşan dünya çempionatında qızıl medal qazanan Azərbaycan karateçisi İrina Zaretska (68 kq) üçqat dünya çempionu olub.

Noyabr

– Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıblar. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) öz çəki dərəcələrində birinci yeri tutublar.

– Azərbaycan yığması Bakıda baş tutan çövkən üzrə dünya çempionatının qalibi olub.

– Azərbaycan yığması Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət komanda hesabında çempion olub. Bu, Azərbaycan gimnastikası tarixində bir ilkdir. Mixail Malkin həm də tamblinq üzrə fərdi yarışlarda dünya çempionu olub.

– Azərbaycanın 3 şahmatçısı Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva Monteneqronun Budva şəhərində təşkil edilən Avropa çempionatında lövhələr üzrə ikinci yeri tutublar.

– Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında 13 medal qazanaraq rekorda imza atıb. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Eduard Məmmədov karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.

Dekabr

– Hərbçilər arasında Bakıda reallaşan 36-cı dünya çempionatında Azərbaycanın 21 güləşçisi medal qazanıb. Onlardan 11-i qızıl, 3-ü gümüş, 7-si bürünc mükafat olub.

– Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Milli üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında birinci yeri tutaraq imza atıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir