Cəmiyyət

Göyçayın kəndlərini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətdədir – REPORTAJ + FOTO

Sharing is caring!


Qaraməryəm-Müsüslü avtomobil yolunun təmirə ehtiyacı var. Bu yol Göyçayın kəndlərini rayon mərkəzi ilə, rayonun özünü isə əsas magistral yolla birləşdirir. Yolun yararsız olmasından şikayət edən yerli sakinlər və sürücülər onun təmir olunmasını istəyirlər.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 80-ci illərində istifadəyə verilən yol hazırda istismara yararsız vəziyyətdədir.

Hər gün rayon mərkəzinə gedib-gəlmək üçün bu yoldan istifadə edən sürücü Sərvət İbişov deyir ki, yolun yararsız, çala-çökək olması səbəbindən avtomobilləri tez-tez sıradan çıxır. Avtomobilin təmirinə isə xeyli vəsait sərf olunur.

“Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol yararsız haldadır. Sürücülər də, kənd sakinləri də çox əziyyət çəkirlər. Son 20 ildə bu yolda nə əsaslı, nə də cari təmir işləri aparılıb. Göyçayın ən böyük kəndləri bu yolun üzərində yerləşir. Hər gün buradan yüzlərlə maşın gedib-gəlir. Yolun pis gündə olması səbəbindən maşınlarımız da tez-tez xarab olur. Təmirə isə xeyli pul xərcləyirik”, – deyə o bildirib.

Sözügedən yoldan tez-tez istifadə edən Həzi Səfərov isə söyləyir ki, yol istismar müddətini başa vurduğuna görə asfalt qatı dağılıb, hər iki hərəkət zolağı yararsız hala düşüb:

“Bu yol həm də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə yanaşı, Bakı-Qazax yolunu da birləşdirən əsas alternativ yollardan biridir. Mən tez-tez taksi ilə gedib-gəlirəm. Bura bir dəfə gələn taksi, növbəti dəfə gəlmək istəmir. Əlavə yol pulu versək də, taksi sürücüsü bu yolla gəlmək istəmir. Sakinlərin təcili işi, xəstəsi olur. Ümumiyyətlə, bu yolda sürəti 20-dən artıq qaldırmaq olmur”.

Sakinlərin şikayəti ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Anar Nəcəfli ilə əlaqə saxladıq. O bildirib ki, Qaraməryəm-Müsüslü avtomobil yolu uzun müddət yenidən qurulmadan istismardadır:

“Həmin yolun yenidən qurulması ilə əlaqədar olaraq layihə hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi həmin yolun yenidən qurulması işlərinə start veriləcək. Ümumiyyətlə, sözügedən yolun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilib. Proqram çərçivəsində həmin yolun əsaslı şəkildə qurulması Agentliyimiz tərəfindən təmin olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir