Cəmiyyət

“Qarabağ Universiteti Azərbaycan təhsilində və dünya reytinqlərində önə çıxacaq” – ŞƏRH + FOTO

Sharing is caring!


Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Qarabağ Universitetinin yaradılmasının əhəmiyyəti haqqında Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov düşünür ki, bu qərar həm qələbəmizin möhkəmləndirilməsi, həm regionlarda, xüsusilə azad edilmiş ərazilərimizdə təhsilimizin inkişafı üçün vacib idi:

“Tarixi ədalətin bərpa olunması baxımından Qarabağ Universitetinin məhz Xankəndidə olması da xüsusi önəm daşıyır. Uzun müddətdir, Azərbaycan cəmiyyətində bu təkliflər üzrə geniş müzakirələr aparılırdı və cənab Prezident Azərbaycan xalqının arzusunu nəzərə alaraq belə bir addım atdı. Ona görə də ölkə başçısına təşəkkürümüzü bildiririk. İnanırıq ki, yaxın vaxtda Qarabağda böyük bir universitet yaradılacaq və bu universitet Azərbaycan təhsilində özünəməxsus yer tutmaqla bərabər, dünya reytinqlərində də önə çıxacaq.

Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var. Biz Bakıda universitetlərin çoxluğu ilə bağlı sıxlıq müşahidə edildiyini tez-tez müzakirəyə çıxarırıq. Hesab edirəm, bölgələrdə bu cür universitetlərin yaradılması paytaxtdakı sıxlığı da aradan qaldıra biləcək. Məxsusi olaraq, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın sürətlənməsində Qarabağ Universitetinin yüksək rolu olacaq. İnsanlarımızın bölgələrdə təhsil almağa, çalışmağa önəmi artırması bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir