Cəmiyyət

Odun tədarükünün meşəyə xeyri, “əcnəbi” ağaclar, yanğınlar və qiymətlər – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Bu gün qlobal səviyyədə vacib məsələlərdən biri atmosferdə olan karbon emissiyasının azaldılmasıdır ki, bu istiqamətdə görülən ən effektiv tədbirlərdən biri meşələrin artırılmasıdır. Respublika ərazisində bu sahədə aparılan aktiv fəaliyyətlər və digər məsələlər haqqında Oxu.Az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov cavablandırıb.

– Planetin xilası üçün qlobal iqlim dəyişmələrinin yaratdığı təsirlərin, xüsusən karbon tullantılarının azaldılması ilə bağlı beynəlxalq çağırışlar gündəmdədir. Buna uyğun olaraq Azərbaycanda ETSN tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir. Əsasən, hansı ağaclara üstünlük verilir?

– Yaşıllıqlar öz növ tərkiblərinə görə bu və ya digər dərəcədə karbon tullantılarını udaraq zərərsizləşdirir. Enliyarpaqlı meşələrdə karbon emissiyasını daha aktiv formada azaldan palıd, fıstıq, at şabalıdı, vələs, ağcaqayın və s. cinslərdir. Ağaclar yarpaqladığı dövrdən etibarən artıq karbon emissiyasını udmağa başlayır. Təbii ki, bu fəaliyyətdə körpə, xırda ağaclar daha az, yaşlı ağaclar isə daha aktiv olur. Körpə ağac bir il ərzində orta hesabla 5,9 kq, 10 yaşına çatdıqda isə 22 kq-a qədər karbon uda bilir. Ağacların karbon emissiyasının udulmasında daha məhsuldar dövrü 40-60-80 yaş aralığında baş verir.

Ümumilikdə, ölkəmizdə meşələr qarışıq tiplidir və onların əsas cins tərkibini fıstıq, vələs, palıd ağacları təşkil edir. Təxminən il ərzində bir hektar (ha) sahədə 1 750 kq karbon qazı udulur. Müvafiq olaraq 2 000 kq oksigen atmosferə ötürülür. Şam meşəsi isə bir ha sahədə 1 275 kq karbon emissiyası udur və müvafiq olaraq atmosferə bir ton oksigen ötürür. Bizim meşələrdə cins tərkibinə görə ağacların 31 faizi fıstıq, 23 faizi palıd, 26 faizi isə vələs ağacları, qalanı isə qovaq, göyrüş, cökə, söyüd, qoz, yalaqoz, qızılağac və sairdir. Onların da hamısı karbon emissiyasının udulmasında əlverişli ağaclar hesab edilir.

Meşələrin İnkişafı Xidməti olaraq hər il əkin mövsümündə meşəbərpa tədbirləri həyata keçiririk. Ağac əkini zamanı hər bir ağacın yerli iqlimə uyğunluğuna, coğrafi şəraitə nə dərəcədə adaptasiya olacağına diqqət edirik. Şəraitdən asılı olaraq ağacların növləri seçilərkən onların emissiya gücü də öyrənilir və atmosferdə olan karbon qazını daha çox udma bacarığı olan ağac növlərinə üstünlük verilir. Respublikamızın meşə fondu, əsasən, enliyarpaqlı ağaclardan ibarətdir. Bizim cəmi 0,2 faiz iynəyarpaqlı meşələrimiz var.

– Bəs iynəyarpaqlı meşələrin funksiyası tam olaraq nədən ibarətdir?

– İynəyarpaqlı meşələr ilboyu bioloji fəaliyyətdə olur. Enliyarpaqlı ağaclar isə payız dövründə öz bioloji fəaliyyətini müəyyən qədər məhdudlaşdırır, yarpaqlarını tökür. Bir də növbəti il yarpaqlamağa başlayanda karbon emissiyası prosesində iştirak edir.

– Cari il ərzində nə qədər ağacın əkilməsi planlaşdırılıb?

– Ulu öndərin 100 illiyi ilə əlaqədar olaraq ETSN tərəfindən üç milyon ağacın əkilməsi nəzərdə tutulub ki, bunun da 2 milyon 700 min ədədinin əkilməsini bizim xidmət həyata keçirir. Təkcə bu ilin payız mövsümündə 500 mindən çox ağac əkilib. 326 ha ərazidə tərəfimizdən meşəbərpa tədbirləri aparılıb. Artıq işlərin bu il üçün nəzərdə tutulan meşəbərpa tədbirlərinin 70 faizi yekunlaşıb.

– Qazlaşdırılmayan ərazilərdə sakinlər istiliyə olan tələbatı ödəmək məqsədilə qanunsuz ağac kəsimlərinə də yol verirlər. Bəs bu barədə nə deyə bilərsiniz?

– Təəssüf ki, əhalinin meşələrdən özbaşına odun tədarükü etmələri faktları bu gün də var. Bu barədə daxil olan məlumatlar operativ şəkildə tərəfimizdən araşdırılır. Meşə fondunda daim nəzarət işi və davamlı olaraq monitorinqlər həyata keçirilir. Reydlər həm bizim, həm də digər nəzarətedici qurumlar tərəfindən aparılır. Nəticə yaxşıdır, belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il qanunsuz ağackəsmələrin həcmi iki dəfə azalıb.

– Bəs yaz-payız aylarında meşə fondunun bərpası üçün əkilən ağaclar haradan tədarük edilir?

– Bunların hamısı bizim öz tinglik sahələrimizdə yetişdirilir. Ölkəmizdə 14 Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir ki, bunların da hər birinin özünün tinglik sahəsi var. Meşəbərpa tədbirlərində ilk növbədə öz tinglik sahələrimizdə yetişdirdiyimiz tinglərdən, az miqdarda isə Türkiyədən gətirdiyimiz müəyyən tinglərdən istifadə edilir. Haradasa 99 faiz öz tinglərimizdir.


– Türkiyədən hansı ağac növləri gətirilir?

– Türkiyədən gətirilənlər, əsasən, şam tingləridir. Sarı şam, qırmızı şam, Kıbrıs akasiyası, yemişan və digərləri. Bu tinglərdən Cəbrayıl rayonunda terrasların əkinində istifadə edilib. Oranın ağac yetişməsi üçün nisbətən sərt olan iqlimi nəzərə alınıb. Bu tinglər bizə qardaş ölkə tərəfindən tam təmənnasız verilib. Cəbrayılda həmin o tinglərdən salınan terraslarda çox yaxşı nəticə əldə olunub. Deyə bilərəm ki, 95 faiz tinglərdə bitiş müşahidə edilib.



– Qazlaşdırılmayan yaşayış məntəqələrinin oduncaqla təminatı üçün ildə nə qədər sanitar qırıntı aparılır?

– İllik odun tədarükü bu ildən etibarən 84 min kubmetr həcmində müəyyənləşdirilib. Bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Göstərilən oduncaq həcmi yalnız sanitar qırıntılar hesabına tədarük edilir. Adından da bilindiyi kimi, sanitar qırıntılarda da məqsəd meşəyə ziyan vurmaq deyil, meşənin vəziyyətini daha da sağlamlaşdırmaq və yaxşılaşdırmaqdır. Bu limit qurumuş, bioloji inkişafını başa vurmuş, ziyanvericilərin yayılmasına zəmin yaradan ağaclar hesabına toplanır. Eyni zamanda, meşələrdə müxtəlif səbəblərdən – külək, qar və s. təsirindən aşmış, yıxılmış, sınmış ağaclardan da odun tədarükündə istifadə edilir. Bunun daha bir əhəmiyyətli tərəfi odur ki, onların toplanması meşə yanğınları riskini xeyli dərəcədə azaldır.

– Əhali üçün tədarük olunan oduncağın qiyməti neçəyədir? Bununla bağlı müxtəlif şişirdilmiş rəqəmlər səsləndirilir.

– Qiymətlər qırma sahələrindən və daşınma prosesindən asılı olaraq dəyişir. Tərəfimizdən tədarük edilən odunlar anbarlara yığılıb oradan, yaxud əhali və təşkilatlar üçün əlçatan olan daha yaxın ərazilərə daşınıb satıla bilər. Bu da öz növbəsində qiymətə təsir edən amildir. Belə ki, aşağı və yuxarı anbarlarda tədarük edilən odunların əhaliyə satışı 17-25 manat/1 kubmetr arasında dəyişir.

– Adətən, meşə yanğınları yay aylarında baş versə də, bu günlərdə Lerikdə belə bir fəlakətlə rastlaşdıq. Meşə yanğınlarına rəvac verən əsas amillər nələrdir?

– Meşə yanğınları, əsasən, mövsümi yanğınlar hesab olunur. Ardıcıl olaraq 10-15 gün havalar isti keçərsə, meşə yanğınları ehtimalı artır. Aparılan araşdırmalar göstərir ki, dünyada, o cümlədən Azərbaycanda da  baş verən meşə yanğınlarının 97 faizi antropogen səbəblərdən qaynaqlanır. Bir faktı diqqətə çatdırım ki, bu il ərzində əvvəlki illərə nisbətən ölkəmizdə meşə yanğını az olub, bu da əhali arasında aparılan təbliğat, maarifləndirmə işləri və görülən qabaqlayıcı tədbirlər hesabınadır. Təəssüf ki, son günlərdə noyabrın anomal isti hava şəraiti ilə əlaqədar yanğınlarla üzləşdik. Güclü cənub-şərq küləkləri yanğınların geniş əraziyə yayılmasına şərait yaratdı. Lerikdəki meşə yanğını qısa zamanda söndürüldü, təhlükəsizlik tədbirləri görüldü.

Eynilə İsmayıllı rayonunda da meşə ilə həmsərhəd ərazidə qeydə alınan yanğının ağaclıq sahəyə keçməsinin qarşısı alındı. Bununla əlaqədar bir daha kənd yerlərində, meşə yaxınlığında yaşayan əhaliyə səslənirəm: Meşədə ocaq qalamayın, söndürülməmiş siqaret kötüklərini meşəyə atmayın. Odla davranış qaydalarına ciddi riayət edin ki, meşə fondumuz ziyan görməsin.

– Yanğına məruz qalan meşələrdə, xüsusilə Zaqatala, Qəbələdə qeydə alınan yanğınlar zamanı meşə fondu ciddi ziyan görüb. Hansı bərpa işləri aparılıb? Nə qədər sahəyə toxumlar səpilib? Meşəlik bərpa edilibmi?

– Yanğınlardan sonra Zaqatala, Qəbələ, Quba, Şabran ərazilərində bərpa işləri aparılıb. Müəyyən ərazilərdə əkilən ağaclar artıq boy atıb. Eyni zamanda, meşəlik ərazilərə mal-qaranın girməsinin qarşısı alınıb. Meşə örtüyünün böyük hissəsi yenidən əkilən ağaclar hesabına canlanıb. Yanğına məruz qalmış meşə ərazilərinin əksəriyyəti meşə əkini və səpini işlərinə cəlb edilib, digər hissəsində isə təbii bərpaya kömək təbirləri aparılır.

– Son günlərdə Yardımlıda qanunsuz ağackəsmə ilə əlaqədar sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bununla bağlı nə deyə bilərsiniz?

– Yardımlı rayonunun Ləzir kəndinə yaxın meşə sahəsində qanunsuz qırıntıların baş verməsi barədə daxil olan şikayət əsasında, şikayətçinin iştirakı ilə əraziyə baxış keçirilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Meşələrin İnkişafı Xidməti əməkdaşlarının apardıqları araşdırma zamanı qanunsuz ağac kəsintisi faktı təsdiqini tapıb. Qanunsuz kəsilmiş ağacların hamısı qeydiyyata alınıb. Faktda cinayət əməli olduğundan toplanan materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. Ən əsası, şikayətçi araşdırmadan razı qalıb, sosial şəbəkələrdə yoxlamanın düzgün aparıldığını, ağacların diametrinə uyğun olaraq təbiətə dəyən ziyanın məbləğinin düzgün hesablandığını qeyd edib. Yada salım ki, ətraf mühitdə ən önəmli komponentlərdən biri də bizim meşələrimizdir və onları qorumaq hamımızın borcudur. Bu baxımdan, şikayət edən şəxsə sayıqlığına və təbiətimizə qayğısına görə təşəkkür bildiririk.

– Meşələrdə vəziyyətin daha da yaxşılaşdırılması üçün hansı tədbirlər görülür? Yeniliklər barədə məlumat verərdiniz.

– Meşələrimizin qorunması və bərpası istiqamətində görülən tədbirlər dünya meşəçilik praktikasına əsaslanır. Xüsusilə, Türkiyənin Meşə və Əkin Nazirliyinin Orman Baş İdarəsi ilə sıx əməkdaşlığımız var. Əməkdaşlarımız mütəmadi olaraq orada keçirilən təlimlərə qatılır, öyrəndikləri təcrübəni həmkarları ilə bölüşürlər. Cari il ərazində Meşələrin İnkişafı Xidmətinin 25-ə yaxın əməkdaşı Türkiyədə olub və meşə fondunun bərpası, qorunması və inkişafı istiqamətində Türkiyə təcrübəsini öyrənib.

Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) meşəçilik ixtisası üzrə təhsil alan beş tələbəsi təhsilini davam etdirmək məqsədilə Qaradəniz Texniki Universitetinə göndərilib. Həmçinin, ADAU-nun 3-4-cü kurs tələbələri Türkiyədə təcrübə proqramına cəlb ediliblər. II Qarabağ müharibəsindən sonra meşəçilik sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzi, “ağıllı” tinglik təsərrüfatı yaradılır.  Burada Azərbaycanla yanaşı, qonşu ölkələrin meşəçi mütəxəssislərinə təlimlər keçiriləcək, müasir standartalara uyğun texnologiyalar əsasında ting yetişdiriləcək.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir