Cəmiyyət

Evinə köçə bilmədiyini deyən şəxsə MTK-dan cavab: “Gözləyirik ki, təmir olunan evlərin sayı azalsın”

Sharing is caring!


Bakıda vətəndaş şəxsi mənzilinə köçə bilmədiyini iddia edir.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Fəxriyyə Cabbarova binada yaşayış üçün şərait olmadığını dilə gətirib:

“Binamız Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 1 ünvanında yerləşir. Bina “Mahal” Mənzil-Tikinti Kooperativinin “Baku Nar Residence” layihəsi əsasında tikilib. Tikintiyə 2017-18-ci illərdə başlanılıb. 2019-cu ildə oradan ikiotaqlı mənzil aldım. Kvadratmetri 1 100 manat idi. Artıq beş il olacaq ki, mənzilimizə köçə bilmirik.

Ötən ilin fevral ayında mənzillər təmir üçün ev sahiblərinin ixtiyarına verildi. Lakin yük lifti olmadığı üçün insanlar təmir zamanı çox böyük çətinliklərlə üzləşdilər. Hər bloka bir lift qoyulub. Yük lifti qoymaq fikirləri heç yoxdur”.

Şikayətçi hazırda binada 45 ailənin yaşadığını qeyd edib:

“17 mərtəbəli binadır. 260 mənzil var. Dörd blokdan ibarətdir. Yaşayanlar da lift problemi ilə üz-üzədirlər. 45 ailə mənzillərinə köçüb, 120 mənzil təmir olunub. Lakin insanlar köçüb-köçməyəcəklərinə dair qərar verə bilmirlər.

Qaz yoxdur, işıq var, su sayğacının pulunu ödəsək belə, qoyulmayıb. Yaşayan insanlar da əziyyət çəkirlər. Halbuki, kommunal ödənişlər vaxtlı-vaxtında edilir. Binanın yanında dayanacaqlar da yox idi, ötən il tikilməyə başlayıb. Narazılığımızı bildiririk, lakin heç bir faydası yoxdur. Şəraitin düzəlməyini gözləyirik. Özüm kirayədə qalıram”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Mahal” MTK-nın hüquqşünası Kamran Ələkbərov bildirib ki, binada işlər davam edir:

“Yaşayış binası pilot layihə formatında 2018-ci ildən tikilib. Pandemiya zamanı işçi sayında azalma oldu. Tikintidə gecikmə ola bilər. Bu gün faktiki olaraq binada dayanma yoxdur. İş gedir. Blokda qapılar qoyulur. Ehtiyat çıxış qapıları da hazırlanır.

Təxminən 35 ailə artıq binada yaşayır. Ümumilikdə binada iş yekunlaşıb. Lakin təmir edib köçməyənlər var. Su və işıq problemi yoxdur. Qaz məsələsi var. Qazın çəkilməsi prosesi uzun çəkir.

Podratçı şirkətimiz Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edib. İstismar ilə bağlı akt verilməlidir. İstismar aktı “Azəriqaz” İstehsalat Birliyinin regional idarəsinə veriləcək”.

K.Ələkbərov binada yük liftlərinin quraşdırılmamasının səbəbindən də danışıb:

“Digər məsələ yük liftləri ilə bağlıdır. Blokda sərnişin liftləri var. Yük liftləri quraşdırıla bilmir. Bunun da səbəbi var. 255 mənzildən 75-i təmir olunub. Binanın fəsad hissəsində qaldırıcı qurğuların istifadəsinə icazə verilmir. Təhlükəsizlik baxımından mümkün deyil. Çünki orada yaşayanlar var. Yük liftləri buna görə yoxdur.

Bina rəhbərliyi gözləyir ki, təmir olunan evlərin sayı azalsın. Ondan sonra yük liftləri yerləşdirilsin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir